Uşağa çox cib xərcliyi verməyin fəsadları NƏLƏRDİR?

SOSİAL
16:00 / 25.09.2026
187

“Bəzi valideynlər övladlarına normadan artıq cib xərcliyi verirlər, amma bu doğru yanaşma deyil”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əsas məsələ cib xərcliyinin özü deyil, uşağın yaşına və ehtiyacına uyğun olmayan, həddindən artıq pul verilməsidir:


“Sözsüz ki, hər uşağa çox cib xərcliyi verilərsə, mütləq böyük dərəcədə problem yaranacaq demək deyil, amma bəzi psixoloji və davranış risklərini istər-istəməz artırma ehtimalı var. Bu cür yanaşma bir neçə mənfi nəticəyə gətirib çıxara bilər. İlk növbədə, uşaqda pulun dəyəri haqqında yanlış təsəvvür yaranması mümkündür.

Çünki uşaq pulun necə qazanıldığını, əmək və zəhmətin arxasında nəyin dayandığını görmədən istədiyi hər şeyi asanlıqla əldə edirsə, zamanla istər-istəməz “istəyirəmsə, deməli, olmalıdır” düşüncəsini formalaşdıra bilər”.

Ekspert qeyd edib ki, çox pul verməklə övladımızın tələbatla istəyi bir-birindən ayırmasında çətinlik çəkməsinə səbəb ola bilərik: 
“Biri var “mənə bu lazımdır”, biri də var “mən bunu istəyirəm”, Hər ikisi tamamilə fərqlidir. Hər istəyin dərhal pulla qarşılanması və bu iki anlayış arasındakı qırmızı xətti ayırd edə bilməmək uşaqda bu qabiliyyətin zəifləməsinə səbəb olar. Bununla yanaşı, səbr və gözləmə qabiliyyəti də zəifləyə bilər.

Çünki uşaq erkən yaşlardan etibarən gözləməyi, plan qurmağı, öz impulslarını idarə etməyi öyrənir. Lakin həddindən artıq cib xərcliyinin verilməsi onda “indi istəyirəm, indi almalıyam, indi olmalıdır” fikirlərini gücləndirir. Daha dəqiq desək, səbr etmək əvəzinə təcili istəyin reallaşması düşüncəsini yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, xüsusilə yeniyetməlik dövründə uşaq özünü dostları ilə müqayisə etdiyi üçün pul sosial status vasitəsinə çevrilə bilər:
“Çox pul alan uşaq özünü üstün, daha az pul alan uşaq isə özünü aşağı hiss edə bilər. Əksinə, çox pul alan uşaq daim daha rahat şeylərə ehtiyac duymağa başlayaraq ətrafındakılara yuxarıdan-aşağı baxmağa başlayar. “Valideynlərim mənə çox pul verir, sənin pulun azdırsa, məndən aşağısan” düşüncəsi və ya az cib xərcliyi olan uşaqların cibində çox pul olanlara qarşı fərqli baxışının formalaşması yanlış bir yanaşmaya gətirib çıxarır.

Digər tərəfdən, bəzən valideyn vaxt ayıra bilmədiyi üçün bunu pulla kompensasiya etməyə çalışır və bu da sevgini pulla əvəz etmək riskini yaradır. Nəticədə uşaqda şüuraltı olaraq “mənə pul verilirsə, deməli, məni sevirlər” və ya “məni sevmələri üçün nə isə almalıdırlar” düşüncəsi formalaşır. Bu da gələcəkdə valideyn-uşaq münasibətlərinin pozulmasına, sevgini yalnız puldan ibarət görməyə, cib xərcliyi verilmədikdə isə aqressiya, qəzəb və “valideynlərim məni sevmir” düşüncəsinə səbəb ola bilər”.

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, uşağın bütün maliyyə ehtiyacları avtomatik qarşılandıqda məsuliyyət hissinin əvəzinə asılılıq yaranır və gələcəkdə öz məsuliyyətini anlamaqda, büdcəsiniə qənaət etməkdə çətinlik çəkir:
“Burada düzgün yanaşma uşağa heç pul verməmək deyil, əksinə, cib xərcliyindən maliyyə savadlılığını öyrətmək üçün bir vasitə kimi istifadə etməkdir. Valideyn uşağa müəyyən bir büdcə təyin edərək bu məbləği müəyyən müddət ərzində idarə etməyi həvalə edə bilər. 

Məsələn, uşağa verilən pulun bir hissəsini gündəlik ehtiyaclara, bir hissəsini isə gələcək istəkləri üçün toplamağa yönəltmək, pul bitdikdə isə növbəti xərcliyi gözləməyi tapşırmaq olar. Beləliklə, uşaq pul qazanmağın, xərcləməyin, qənaət etməyin və seçim etməyin nə demək olduğunu praktiki şəkildə öyrənir. Ən vacib olan budur ki, uşağa pul vermək problem deyil, pulun tərbiyənin yerini tutması problemdir”.

Pərviz

0