Yeni evlənənlər valideynlərlə birgə yaşamalıdır? – Psixoloq DANIŞDI

SOSİAL
13:25 / 01.10.2026
201

“Bəzi yeni evlənən cütlüklərin ən çox mübahisə etdiyi məsələlərdən biri oğlanın valideynləri ilə birgə yaşayıb-yaşamamaqdır. Lakin valideynlərlə birgə, yoxsa ayrı yaşamalı olduğuna dair hamıya uyğun bir qayda yoxdur”.

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu qərar maddi imkanlardan, tərəflərin yetkinlik səviyyəsindən, valideynlərlə münasibətlərindən və ailədəki psixoloji mühitdən asılıdır:


“Əgər birgə yaşayış məcburiyyətdən doğursa, yaxud tərəflərdən biri öz istəyini digərlərinə qəbul etdirməyə çalışırsa, ailədaxili problemlər yarana bilər. Lakin valideynlər və yeni ailə qurmuş cütlük bu qərardan razıdırsa, evdə qarşılıqlı hörmət, rahatlıq və həm maddi, həm də mənəvi dəstək varsa, birgə yaşayış özü münaqişə səbəbi deyil.

Ən böyük səhvlərimizdən biri başqalarının təcrübəsini öz ailəmizə olduğu kimi tətbiq etməkdir. İnsanların xarakteri, həyat şəraiti və ailə münasibətləri fərqlidir. Buna görə məsləhət alarkən də hər ailənin özünəməxsus olduğunu unutmamalıyıq”.

Ekspertin sözlərinə görə, bəzən övladı hələ ailə qurmamış bir valideyn gələcək gəlin və ya kürəkəni haqqında beynində ssenarilər qurur, xəyali söhbətlərə cavab verir və özünü əvvəlcədən gərginliyə salır:
“Eyni hal gələcək gəlin və kürəkənlərdə də müşahidə oluna bilər. “Mən olsaydım…” ilə başlayan fikirlər isə yaşanmamış bir vəziyyətə verilən fərziyyəvi reaksiyalardır. Bir məqamı da vurğulamaq istərdim: gənclər ailə qurduqda artıq yeni bir ailə formalaşdırırlar.

Onların həyatına kənardan həddindən artıq müdaxilə etmək, əvvəlki ailədə qəbul edilmiş qərarları yeni ailə üçün dəyişməz qaydaya çevirmək doğru deyil. Sərhədlərə hörmət edilirsə, birgə yaşayış zamanı yaranan fikir ayrılıqlarını da böyütmədən həll etmək mümkündür”.

Psixoloq diqqətə çatdırıb ki, bəzən cütlük mübahisəni başqalarının yanında davam etdirməmək üçün söhbəti daha sakit vaxta saxlayır:
“Bu, emosiyalar səngiyəndən sonra məsələni daha rahat müzakirə etməyə kömək edə bilər. Əsas odur ki, problem sadəcə təxirə salınmasın, sonradan tərəflər arasında açıq danışılaraq həll olunsun”.

Pərviz

0