“Valideynlərlə uşaqlar arasında fikir ayrılıqlarının müxtəlif səbəbləri olur”.
Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun əsas səbəbləri yaş faktoru, həyat şəraiti və ya valideynin şəxsi təcrübəsidir:

“Bəzi valideynlər “biz də belə böyümüşük” deyərək oldu-olmadı öz aldığı tərbiyə metodunu əsas götürərək uşağı düzgün böyütmürlər. Əslində, müasir dövrdə uşaqlarla işləmək daha çətindir. Çünki 2000-ci illərə qədər uşaqlığın həyatı sanki daha uzun davam edirdi. Yəni internet və ya oyunlar bu dərəcədə uşaqların həyatların daxil olmamışdı. Bütün bunlar yetkin şəxslərdə haqlı olaraq qorxu yarada bilər”.
Lakin ekspertin sözlərinə görə, inkişaf etməkdə olan cəmiyyətə övladlarımıza ayaq uydurmalıyıq:
“Yəni “bizim dövrümüz” kəlməsini bir qırağa atıb indiki dövrün uşaqlarının tələblərinə uyğun, şəraitinə müvafiq onları qorumalı və tərbiyələndirməliyik. İndi uşaqlar daha erkən hər bir məsələ haqqında bilgi sahibi olurlar. Yəni uşaq internetdə hər şeyi görür, anlayır. Siz nə qədər də “övladım uşaqdır” desəniz də, müəyyən bir məlumatı ondan eşitdiyiniz halda, həmin bilgini uşağa yaşına uyğun anlatmalısınız. Əks halda, uşaq başqa mənbədən və ya digər şəxslərdən yalnış şəkildə öyrənə bilər”.
Psixoloq diqqətə çatdırıb ki, dünya inkişaf etsə də, övladlarımızla olan ünsiyyət kəsilməməlidir:
“Ünsiyyət yolu ilə də tərbiyə çox uzun çəkir. Tərbiyə ən uzun prosesdir, onun nəticəsi təlim nəticəsi deyil ki, müəyyən period sonunda görmək mümkün olsun. Onun nəticəsini hətta siz yaşlandıqdan sonra belə şahidi ola bilərsiniz. Ona görə uşaqla danışarkən səbrli olmalı, uzunmüddətli eyni mövzu ətrafında dönməyiniz normaldır”.
Fatimə Bayramovanın sözlərinə görə, uşaqların müstəqillik istəyi 8-9 yaşda başlayır:
“Bu, uşaqlarda özünü təsdiqləmə, özü ilə qürür duyma, şəxsiyyət kimi özlərini sübut etməkləri üçün vacibdir. Necə ki, 6 yaşlı uşaq marketdən nəsə alanda sevinə-sevinə özü ilə fəxr edir, eləcə də 8-9 yaşdan yuxarı uşaqlar harasa tək getmək və ya dostları ilə əylənmək istəyirlər.
Əlbəttə ki, bunu uşağı tam nəzarətsiz qoymamaq şərtilə etmək lazımdır.
Ümumiyyətlə, fikir ayırılığı valideyn və övlad arasındakı sevgisizliyin xəbərçisi deyil, sadəcə müəyyən məsələlərin izahsız qalması ilə bağlıdır. Əsas məsələ onun necə ifadə edilməsidir. Ailədə uşaq fikrini qorxmadan deyə bilir, valideyn də sərhədlərin səbəbini izah edirsə, fərqli düşüncələr mübahisəsiz ötüşə bilər”.
Pərviz


