“Geyim əxlaq göstəricisi deyil”.
Bunu klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bir insanın necə geyinməsi onun nə qədər dürüst, vicdanlı, mərhəmətli və ya məsuliyyətli olduğunu müəyyən etmir:
“Əxlaq insanın üzərində daşıdığı geyimdə deyil, davranışlarında, münasibətlərində, verdiyi qərarlarda və başqalarına göstərdiyi rəftarda özünü büruzə verir. Klinik psixoloq olaraq qeyd etmək istəyirəm ki, insanları xarici görünüşlərinə əsasən mühakimə etmək və onların geyimindən şəxsiyyətləri haqqında nəticə çıxarmaq psixologiyada stereotipləşdirmə və ilkin təəssüratın təsiri ilə əlaqələndirilir. Bəzən cəmiyyətin müəyyən geyim normalarına uyğun gəlməyən insanlara qarşı qərəzli münasibət formalaşır”.
Ekspert qeyd edib ki, bir insanın geyim tərzi onun şəxsi seçimlərini, zövqünü, rahatlıq anlayışını və özünüifadə formasını əks etdirə bilər:
“Bu seçimlərə əsaslanaraq onun əxlaqı haqqında hökm vermək doğru deyil. Ən təhlükəlisi isə insanın öz əxlaqi dəyərlərini başqalarının geyimi üzərindən müəyyənləşdirməyə çalışmasıdır. Çünki insanın necə geyinməsi ilə necə davranması arasında mütləq bir əlaqə yoxdur. Çox qapalı geyinən bir insan da başqalarının haqqını tapdalaya, yalan danışa və incidə bilər. Daha açıq geyinən bir insanın isə son dərəcə dürüst, vicdanlı və mərhəmətli olması mümkündür”.
Psixoloq vurğulayıb ki, əxlaq bədənin nə qədər örtülməsi ilə deyil, insanın başqasının ləyaqətinə nə qədər hörmət etməsi ilə ölçülür:
“Heç kimin geyimi onun alçaldılması, təhqir edilməsi və ya şəxsiyyətinin dəyərsizləşdirilməsi üçün əsas ola bilməz. Hər bir insanın seçimlərinə hörmət etmək, onu xarici görünüşünə görə deyil, davranışlarına və insani keyfiyyətlərinə görə qiymətləndirmək daha sağlam cəmiyyətin göstəricisidir.
Unutmayaq ki, insanın geyimi gözümüzün gördüyüdür, əxlaqı isə davranışlarının göstərdiyidir. Gördüyümüzə əsasən hökm vermək asandır, amma bir insanı həqiqətən tanımaq üçün onun necə göründüyünə deyil, necə davrandığına baxmaq lazımdır”.
Pərviz


