“Son günlərdə kənd yumurtalarının bazarlarda azalmasının və ya qiymətlərinin yüksəlməsinin arxasında həm bəzi obyektiv, həm də subyektiv amillər dayanır”.
Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, kənd yumurtaları digər yumurtalardan fərqli olaraq fərdi təsərrüfatlarda yetişdirilir və sənaye üsulu ilə istehsal olunmur:
“Bu sahə əsasən kiçik ailə təsərrüfatlarını əhatə edir. Fərdi təsərrüfatlarda istehsal həcmi məhdud olduğundan mövsümi dəyişikliklər məhsulun bazara çıxarılmasına güclü təsir göstərir. Havalar soyuduqca toyuqların yumurtvermə məhsuldarlığı azalır. Payız və qış aylarında gün işığının azalması və yumurtlama intensivliyinin aşağı düşməsi də qiymət və həcmə təsir edən əsas amillərdəndir”.
Ekspert qeyd edib ki, xərclər və istehsal göstəriciləri də amillər sırasındadır:
“Yəni toyuqların yemlənməsi, saxlanılması, qulluq xərcləri birbaşa istehsalçıların satış qiymətinə təsir göstərir. Xüsusilə payız-qış mövsümündə gün işığının azalması ilə yanaşı, yumurtlama intensivliyinin aşağı düşməsi də qiymətlərə təsir edir.
Qiymət artımının dəqiq səbəbini müəyyənləşdirmək üçün isə istehsal və satış göstəriciləri araşdırılmalıdır. Hansı təsərrüfatlara daha çox sifariş verildiyi və məhsul alışı ilə bağlı təkliflərin olduğu təhlil edilmədikdə konkret fikir söyləmək düzgün deyil. Xırda araşdırma və monitorinqlər aparıldıqdan sonra hansı proseslərin baş verdiyi dəqiq deyilə bilər”.
Mütəxəssis diqqətə çatdırıb ki, saxta “kənd yumurtaları”nı ayırd etmək lazımdır:
“İstehlakçıların diqqət yetirməli olduğu əsas məsələ bazarda “kənd yumurtası” adı altında satılan məhsulların həqiqətən hansı şəraitdə istehsal edilməsidir. Məhsulun mənşəyi, təzəliyi və saxlama şəraiti vacibdir. Kənd yumurtası adı altında avtomatik olaraq hər şeyin təhlükəsiz olması demək deyil.
Əfsuslar olsun ki, bəzi işbazlar sarı rəngli fabriki yumurtalarını bazarlarda, küçə satışlarında, meyvə-tərəvəz və ya piskot taxtalarının yanında müxtəlif qablara yığıb “kənd yumurtası” adı altında satırlar. Ən yaxşı kənd yumurtası alınması məsələsi nəzarətdə olan kənd təsərrüfatı və ailə təsərrüfatlarıdır ki, orada həm istehsal, həm də satış prosesinə baytarlıq nəzarəti həyata keçirilir”.
İ. Şirinovun sözlərinə görə, bazarda qiymət artımına səbəb olan digər amil isə bəzi yumurtaların birbaşa satış yerinə cücə istehsalı üçün istifadə edilməsidir:
“Xüsusi inkubator aparatlarında bu yumurtaların satışı daha çox gündəlik təlabata deyil, cücə çıxarmağa sərf edilir. Şəxsi təsərrüfatlarda xüsusi istilik şəraiti yaratmaqla müxtəlif otaqlar və anbarlarda bu sistemdən istifadə olunması toyuq sayını artırmağa xidmət etdiyi üçün faydalı olsa da, qısamüddətli bazara təsir göstərə bilir”.
Pərviz



