Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Avropa Tələbələr Forumu–Bakı”nın (AEGEE-Bakı) təşkilatçılığı ilə keçirilən “Beat The Heat Vol. V” beynəlxalq yay proqramı yekunlaşıb.
Layihə mədəni səfərləri, praktik məşğələləri və komanda fəaliyyətlərini birləşdirərək gənclər üçün ortaq öyrənmə və ünsiyyət mühiti yaradıb. Proqram müddətində iştirakçılar Azərbaycanın mədəni irsi ilə tanış olub, Bakı və bölgələrdə təşkil olunan fəaliyyətlərə qoşulublar.
Dolma hazırlama master-klassı, milli oyunlar və komanda tapşırıqları gənclərin proqramda fəal iştirakına imkan verən fəaliyyətlər sırasında olub. Bu məşğələlər iştirakçılara yerli ənənələri öyrənmək, birlikdə çalışmaq və öz təcrübələrini bölüşmək fürsəti təqdim edib.
Layihənin əsas istiqamətlərindən birini mədəniyyətlərarası mübadilə təşkil edib. Birgə fəaliyyətlər fərqli mədəni mühitlərdən gələn gənclərin qarşılıqlı anlaşmasına və yeni əlaqələr qurmasına şərait yaradıb.
“Beat The Heat Vol. V” Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya təqdim olunması və gənclər arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilib.















