Həyət evi və ya bağ evi almaq bina evinə nisbətən çox daha böyük diqqət və həssaslıq tələb edir.
Hit.az bildirir ki, mənzildə binanın ümumi kommunikasiyası və strukturu ilə bağlı bir çox məsələyə hansısa qurumlar cavabdehlik daşıyırsa, həyət evində damdan bünövrəyə, torpağın sənədindən kanalizasiya xəttinə qədər hər bir detal birbaşa sizin məsuliyyətinizə və büdcənizə keçir.
Bəs həyət evi alarkən nələrə diqqət etməliyik?
Alqı-satqı zamanı sonradan peşman olmamaq və büdcənizi qorumaq üçün diqqət yetirməli məqamlar var. Onlardan biri sənədlər və torpağın statusudur. Azərbaycanda həyət evi alarkən ən çox problem yaşanan sahə məhz sənədləşmədir. Ən vacib məsələ həm torpağın, həm də evin çıxarışının olmasıdır. Torpağın təyinatı sənəddə “yaşayış məntəqələrinin torpaqları” və ya “fərdi yaşayış evinin tikintisi üçün” kimi qeyd olunmalıdır. Əgər torpaq “kənd təsərrüfatı təyinatlı”dırsa, orada tikilən evə çıxarış almaq gələcəkdə ciddi hüquqi maneələr yarada bilər.
Bundan başqa, alacağınız evin və ya torpağın üzərində hər hansı bank ipotekası, həbs və ya üçüncü şəxslərin iddia hüququnun olub-olmadığı notariat qaydasında dəqiq yoxlanılmalıdır. Eyni zamanda, evin yüksək gərginlikli elektrik xətlərinin, neft-qaz kəmərlərinin, su kanallarının və ya dəmir yolunun mühafizə zonasında yerləşmədiyindən əmin olun. Bu cür ərazilərdəki tikililər hər an sökülmə riski ilə üz-üzədir.
Bundan əlavə, sənəddəki torpaq sahəsi ilə real çəpərlənmiş sahənin üst-üstə düşdüyünü elektron xəritə və ya xüsusi mütəxəssis (topoqraf) vasitəsilə yoxlamaq lazımdır. Əks təqdirdə, gələcəkdə qonşu ilə sərhəd mübahisələri illərlə davam edən məhkəmə proseslərinə səbəb ola bilər.
Xüsusilə “satış məqsədilə” maklerlər tərəfindən tikilən evlərdə xarici bəzək-düzək arxasında ciddi tikinti qüsurlarının olma ehtimalı yüksəkdir. Evin bünövrəsinin nə qədər hündür (kürsülü) olduğuna diqqət yetirin. Divarların dibində, künclərdə rütubət, kif və ya boya qabarmaları varsa, deməli, izolyasiya düzgün olunmayıb. Xüsusilə Bakı və Abşeron qəsəbələrində qrunt sularının səviyyəsi yüksək olduğu üçün bu amil həlledicidir.
Mansard və ya çardaq hissəsinə qalxıb damın axıdıb-axıtmadığını, atmaların vəziyyətini yoxlayın. Damın istilik və su izolyasiyası zəifdirsə, qışda evi qızdırmaq, yayda isə sərinlətmək çox baha başa gələcək.
Qaz, işıq və içməli suyun daimi olması, rəsmi sayğacların mövcudluğu yoxlanılmalıdır. Ən vacib məsələlərdən biri kanalizasiya sistemidir. Ev mərkəzi kanalizasiya xəttinə qoşulub, yoxsa həyətdə şamxana (şambom/qazma quyu) var? Şambom varsa, onun mütəmadi təmizlənməsi əlavə xərc və qayğı deməkdir.
Yağış yağanda həyətə və ya küçəyə suyun dolub-dolmadığını öyrənin. Bəzi ərazilərdə yolun səviyyəsi evdən hündür olduğu üçün bütün yağış suları həyətə axır. Evə gedən yolun asfaltlanması və enliliyi də gündəlik rahatlığınız üçün vacibdir.
Həyət evində yaxşı qonşu tapmaq mənzildəkindən daha vacibdir. Ərazini müxtəlif saatlarda həm gündüz, həm axşam gəzin, ərazinin sakitliyini, yaxınlıqdakı məktəb, bağça, market və ictimai nəqliyyat imkanlarını qiymətləndirin.
Unutmayın, böyük məbləğdə investisiya etməzdən əvvəl bəyəndiyiniz evi müstəqil bir tikinti ustası və ya ekspertlə birlikdə nəzərdən keçirməyiniz sizi gələcəkdə minlərlə manatlıq əlavə təmir xərclərindən qoruyacaq.
Pərviz


