İnsanlar bəzən ürəklərindəki bir ümidə sığınaraq pir və ziyarətgahlara üz tutur, arzularının gerçəkləşəcəyinə inanırlar.
Bəs İslam dini bu cür ziyarətlərə necə yanaşır? Məzar ziyarəti ilə pir və ocaqlardan kömək diləmək arasında hansı fərq var?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam dinində dünyasını dəyişmiş şəxslərin məzarlarını ziyarət etmək, onların ruhuna dua etmək və axirəti xatırlamaq məqbul hesab olunur:
“Lakin pir və ziyarətgahlara ümid yeri kimi yanaşmaq, onlardan yardım diləmək və ibadət etmək dinin əsas prinsiplərinə ziddir. Məzar ziyarəti ilə pir və ziyarətgahlarda ibadət etməyi bir-birindən fərqləndirmək lazımdır.
İnsanlar Həzrət Məhəmmədin, imamların, digər din xadimlərinin, övliyaların və dünyasını dəyişmiş yaxınlarının məzarlarını ziyarət edə, onların ruhuna dua edə bilərlər. Bu cür ziyarətlər insanlara vəfat edən şəxsləri xatırlamaq, onlar üçün Allahdan rəhmət və bağışlanma diləmək baxımından müsbət qiymətləndirilir. Həzrət Məhəmməd də məzarların ziyarət edilməsini tövsiyə edib”.
Onun sözlərinə görə, peyğəmbərin “Məzarlıqları ziyarət edin ki, axirəti xatırlayasınız” məzmununda buyurduğu hədis bu baxımdan mühüm əhəmiyyət daşıyır:
“Lakin ziyarətlərin məqsədi dəyişərək insanların pirləri ümid və ibadət məkanına çevirməsinə, oradan kömək istəməsinə yönəlirsə, bu, İslamın tövhid prinsipinə ziddir. Qurani-Kərimin əsas mesajlarından biri Allahın təkliyini bəyan etmək və insanları Ona şərik qoşmaqdan çəkindirməkdir. İslamın meydana gəldiyi dövrdə Məkkədə bütpərəstlik geniş yayılmışdı. İnsanlar daşlardan bütlər düzəldir, onlara ibadət edir, Allahla özləri arasında vasitə hesab edirdilər. Hətta Kəbə də çoxsaylı bütlərin yerləşdirildiyi məkana çevrilmişdi.
Həmin dövrdə insanlar Allahın varlığını tamamilə inkar etməsələr də, bütlərin onlara Allah qarşısında kömək edəcəyinə inanırdılar. Bu yanaşma İslam tərəfindən qəbul edilmədi və bütpərəstliyə qarşı mübarizə aparıldı”.

Din xadimi hesab edir ki, bu gün də bəzi insanların pir və ziyarətgahlara münasibətində oxşar yanaşma müşahidə olunur:
“İnsanlar bəzən məscidə gedərək birbaşa Allahdan istəmək əvəzinə, müəyyən bir ocağa üz tutur, daşdan, qayadan və ya həmin yerdə dəfn olunmuş şəxsdən kömək gözləyirlər. Bu cür yanaşmaların bir hissəsi zamanla formalaşmış xurafat və mövhumatla bağlıdır. Bəzi hallarda isə insanların dini inanclarından maddi qazanc əldə etmək məqsədilə saxta ziyarətgahlar yaradıldığı da müşahidə olunub.
Nəzir toplamaq və gəlir əldə etmək üçün müəyyən yerlərin müqəddəsləşdirilməsi belə hallara nümunə göstərilə bilər. Heç bir insanın dəfn olunmadığı, təbiət hadisələri nəticəsində yaranmış qayaların və digər təbii obyektlərin də dini ibadət məkanına çevrilməsi düzgün deyil. Bu cür yerlərə tarixi və ya təbii abidə kimi baxmaq, onları mədəni irsin bir hissəsi olaraq ziyarət etmək mümkündür”.
Lakin o qeyd edib ki, həmin obyektlərə sitayiş etmək və onlardan kömək gözləmək fərqli yanaşmadır:
“İslamda insanın Allahla əlaqəsi üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Qurani-Kərimdə Allahın insana şah damarından daha yaxın olduğu bildirilir. Bu da insanın birbaşa Allaha dua edə və ibadət edə bilməsi prinsipini ifadə edir.
İslamda ibadət yalnız müəyyən bir məkanla məhdudlaşmır. İnsan evində, bağında, həyətində və ya başqa münasib yerdə dua edə, namaz qıla bilər. Bu baxımdan, Allahdan istəmək üçün mütləq hansısa ziyarətgaha getməyə ehtiyac yoxdur.
İnsanların bəzən pirlərə üz tutmasını psixoloji və sosial amillərlə də izah etmək mümkündür. İnsanlar çətinliklə üzləşdikdə, ümidlərini itirdikdə və çıxış yolu axtardıqda fərqli ümid məkanlarına yönələ bilirlər. Bu zaman əsas olan ümidin yalnız Allaha bağlanmasıdır. Bəzi insanlar pir və ziyarətgahlara üz tutarkən həmin yeri deyil, Allahı vasitə kimi qəbul edirlər”.
İlahiyyatçı vurğulayıb ki, belə davranışlar İslamın tövhid prinsipinə uyğun deyil:
“İslamdan əvvəlki ərəb cəmiyyətində də bütlərə sitayiş edənlər onların Allahla öz aralarında vasitəçi olduqlarını düşünürdülər. Bu səbəbdən keçmişdəki bütpərəstliklə müasir dövrdə bəzi ziyarətgahlara münasibət arasında oxşarlıq var. Eyni zamanda, dəfn olunmuş şəxslərin məzarlarını ziyarət etməklə onlardan yardım istəməyin eyni şey deyil. İnsan şəhidlərin, övliyaların və digər şəxslərin məzarlarını ziyarət edərək onların ruhuna dua edə, Allahdan bağışlanmalarını diləyə bilər. Ancaq həmin şəxslərdən özünə və ya ailəsinə yardım göstərmələrini istəmək düzgün yanaşma deyil”.
T.İrfan əlavə edib ki, insanın övladının əsgərlikdən sağ-salamat qayıtması, universitetə qəbul olunması və ya başqa bir arzusunun həyata keçməsi üçün pirə üz tutaraq oradan kömək gözləməsi xurafatdır:
“Bu kimi inanclar müasir dövrdə insanları dini baxımdan yanlış istiqamətə yönəldə, eyni zamanda, cəmiyyətdə tənqidi düşüncənin zəifləməsinə səbəb ola bilər. İnsanlara dini inanclarına daha şüurlu yanaşmağa, ziyarətlərin mahiyyətini düzgün anlamağa və hər hansı məkana müqəddəslik aid edərkən ehtiyatlı olmağı tövsiyyə edirəm. Məzar ziyarətinin əsas məqsədi dünyasını dəyişənləri xatırlamaq və onların ruhuna dua etmək olmalı, insan öz ümidini və inamını Allahla əlaqələndirməlidir”.
Sevinc


