Gənclər niyə evliliyə tələsmir?

SOSİAL
15:15 / 20.10.2026
215

Ailə qurmaq qərarı artıq bir çox gənc üçün həyatın əvvəlki mərhələlərində verilən seçim deyil. 

Təhsilini başa vurmaq, peşə sahibi olmaq, maddi müstəqillik qazanmaq və gələcəyini təmin etmək istəyi evlilik planlarını daha sonrakı yaşlara çəkir. Bu tendensiya Azərbaycanda da özünü göstərir.

Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər də nikah yaşında dəyişiklik baş verdiyini təsdiqləyir. 2000-ci ildə kişilər orta hesabla 27,3, qadınlar isə 23,1 yaşında ailə qururdularsa, 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 28,7 və 24,1 yaşa çatıb. Beləliklə, ötən 25 il ərzində kişilərin nikaha daxilolma yaşı 1,4 il, qadınların isə 1 il yüksəlib.

Bu dəyişiklik yalnız rəqəmlərdəki artım deyil, həm də cəmiyyətdə ailə və münasibətlərə yanaşmanın dəyişməsi ilə bağlı müzakirələri gündəmə gətirir. Bəs gəncləri ailə qurmaq qərarını təxirə salmağa vadar edən əsas amillər hansılardır? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, gənclərin evliliyi gecikdirməsinin mümkün səbəblərindən biri iqtisadi reallıqlardır:

413305

“İş tapmaq, sabit gəlir əldə etmək, kirayə və ya mənzil problemini həll etmək, gündəlik xərcləri qarşılamaq ailə qurmaq qərarına birbaşa təsir göstərə bilər. Gənc insan münasibət qurmağa hazır olsa belə, gələcək ailəsinin ehtiyaclarını necə təmin edəcəyini düşünərək qərarını təxirə sala bilər. Xüsusilə toy xərcləri, cehiz, ev əşyaları və ailənin başlanğıc mərhələsində qarşılaşdığı maliyyə öhdəlikləri evliliyi bəzi gənclər üçün arzu olmaqla yanaşı, ciddi iqtisadi məsuliyyətə də çevirir”.

Ekspert qeyd edib ki, evlilik qərarına yalnız maddi vəziyyət deyil, insanın münasibətlərə emosional hazırlığı da təsir edir:

“Ailədə münaqişələrin şahidi olan, valideynlərinin münasibətlərində ciddi problemlər görən və ya özünün uğursuz münasibət təcrübəsi yaşayan gənclər ailə qurmağa daha ehtiyatla yanaşa bilərlər.

Bəzi gənclər üçün əsas narahatlıq evlənmək deyil, yanlış insan seçməkdir. Onlar münasibətdə anlaşılmazlıq, xəyanət, həddindən artıq nəzarət, məsuliyyətin bir tərəfin üzərinə düşməsi və şəxsi sərhədlərin pozulması kimi problemlərlə qarşılaşmaqdan çəkinirlər”.

Sosioloq onu da əlavə edib ki, evliliyin gecikməsi öz-özlüyündə problem hesab edilməməlidir:

“İnsanların həyat şəraiti, emosional hazırlığı, sağlamlığı və şəxsi məqsədləri fərqlidir. Evlilik insanın həyatında məcburi vaxt cədvəlinə uyğun yerinə yetirilən öhdəlik deyil. Əsas məsələ ailənin nə qədər tez qurulması yox, bu qərarın nə dərəcədə düşünülmüş olması və iki insanın birgə həyat qurmağa nə qədər hazır olmasıdır”.

Sevinc

0