Hazırda Azərbaycan təhsilindəki problemlərdən biri də müəllim çatışmazlığıdır.
Xüsusilə bölgələrdə bu problemlə daha çox qarşılaşırıq. Bəzi rayonlarda və kəndlərdə ciddi şəkildə müəllim çatışmazlığı yaşanır. Ucqar kəndlərdəki vəziyyət isə daha da pisdir. Faktiki olaraq, təhsil sistemimizdə son illərdə mühüm islahatlar mərhələsindən keçsə də, regionlarda müəllim çatışmazlığı problemi hələ də aktual olaraq qalır. Kənd və ucqar ərazilərdə müəyyən fənlər üzrə ixtisaslı pedaqoqların azlığı təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Onu da vurğulamaq lazımdır ki, gənc müəllimlər bölgələrdə işləməyə müsbət yanaşmırlar.
Hazırda müəllim çatışmazlığı dərs saatlarının ixtisarı, ixtisasdan kənar tədris və ya bir müəllimin bir neçə fənni tədris etməsi kimi hallara gətirib çıxarır. Bu isə şagirdlərin ali məktəblərə qəbul göstəricilərinə və ümumi bilik səviyyəsinə ciddi təsir edir.
Bəs bölgələrdəki müəllim çatışmazlığını aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a açıqlama verib.
O bildirib ki, həqiqətən də bölgələrdə ciddi şəkildə müəllim çatışmazlığı yaşanır:
“Hətta Bakının özündə belə müəllim çatışmazlığı var. Əsasən rus sektorunda dərs deyən müəllimlərin çatışmadığını görürük. Müəllim çatışmazlığının necə yarandığı isə çox qəribədir. Çünki yerlər vakansiyaya çıxarılır, MİQ imtahanında müvafiq bal toplayan şəxs 8 yer seçir və təyinat alır. Tutaq ki, Gəncədə yaşayan müəllim Lerikə təyinat aldı. Müəllim gedir orda relyef şəraitinə baxır. Nəticədə, uzun müddətli işləmir, bəziləri isə ümumiyyətlə işə başlamadan geri qayıdır”.
Ekspert hesab edir ki, sistemə bəzi dəyişikliklər etmək lazımdır:
“Hazırda hər şey elektron qaydada aparılır. Lakin bəzi dəyişikliklərin olmasına ehtiyac var. Bəzi ərazilərdə yaşayan müəllimlər testdən çox yüksək bal yığa bilmirlər. Məsələn, başqa şəhərdə yaşayan müəllim imntahandan 30 bal yığıb, amma vakansiyanın olduğu yerdə yaşayan müəllim isə 26 bal toplayıb.
Hesab edirəm ki, bu müəllimlərə öz yaşadıqlarını yeri seçə bilmələri üçün şərait yaradılmalıdır. Çünki uzaqdan gələn müəllim tam olaraq orda qalmayacaq, sadəcə müvəqqəti gələcək. Orada yaşayan müəlliminsə daha çox qalma ehtimalı var. Bunlar nəzərə alınmalıdır ki, müəllim çatışmazlığı yaranmasın. Üstəlik, uzun müddət təcrübəsi olan çox sayda müəllim də eyni yerdə daimi işləmirlər. Həmin müəllimlərlə daimiləşmə prosesini təsdiqləmək lazımdır”.
Rizvan Fikrətoğlu vurğulayıb ki, müəllim çatışmazlığını aradan qaldırmaq üçün onların maddi rifahı da yaxşı olmalıdır:
“Maaşın hesablanması üçün differensial hesablama mexanizmi əsas götürülməlidir. Yəni biraz fərqli yanaşma ola bilər. Müəyyən qədər müəllim çatışmazlığı olan ərazilərə bir çox xüsusiyyətlər nəzərə almaqla faktiki işləyən müəllimlərin rotasiyasını da həyata keçirmək mümkündür”.
Elmir Mustafa



