Şagirdlərin dərs yükü azala bilər?

TƏHSİL
22:34 / 27.02.2026
53

Şagirdlərin üzərinə düşən dərs yükünün artması bu gün təhsil sahəsində ən çox müzakirə olunan məsələlər sırasındadır.

Üstəlik, bu məsələ təkcə akademik nəticələrlə deyil, uşaqların sağlamlıq vəziyyəti və psixoloji durumu ilə də birbaşa əlaqələndirilir. Çünki həddindən artıq tapşırıq və intensiv proqram şagirdlərdə yorğunluq, diqqət dağınıqlığı və stress yaradır. Bu da öz növbəsində onların dərsə olan marağının azalmasına səbəb olur.

Onu da qeyd edək ki, şagirdlər sadəcə əsas dərsliklərlə kifayətlənmirlər. Eyni zamanda, onlara əlavə vəsaitlər, materiallar və müxtəlif test topluları ilə məşğul olmaq da tapşırlır. Artıq bu hal şagirdlərin gündəlik məşğuliyyətinin bir hissəsinə çevrilib. Bu isə asudə vaxtın azalmasına və balanslı inkişaf imkanlarının məhdudlaşmasına gətirib çıxarır. 

Bütün bunları nəzərə alaraq şagirdlərin dərs yükünün azaldılması mümkündür?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında bildirib ki, hazırda müəllimlərlə yanaşı, şagirdlərin də tədris prosesi ilə bağlı müəyyən çətinlikləri var: 

393187

"Summativ qiymətləndirmələrin daha çox keçirilməsi, verilən ev tapşırıqlarının icrası şagirdlər və müəllimlər üçün çətinlik yaradır. Ona görə də summativ qiymətləndirmə prosesi azaldılmalıdır. Bu kimi məqamlara diqqət yetirilsə, müəyyən qədər dərs yükü azala bilər. Hazırda tədris olunan proqramlar ümumi proqrama uyğundur".

Ekspert hesab edir ki, mövcud vəziyyətdə şagirdlərə verilən ev tapşırıqlarının sayı azaldılmalıdır: 

"Yaponiya və Finlandiya kimi bir çox ölkədə şagirdlərə ev tapşırığı verilmir. Həmin ölkələrdə şagirdlər dərsi yalnız təhsil müəssisəsində edirlər".

Günel

0