Müəllimlərin NƏZƏRİNƏ: Yeni qaydalar belə olacaq

TƏHSİL
14:45 / 18.03.2026
145

Azərbaycanda müəllimlərin işə cəlb olunma qaydalarında ciddi dəyişikliklər nəzərdə tutulur. 

Bunun 2027-2030-cu illər ərzində həyata keçirilməsi proqnozlaşdırılır. Hətta elm və təhsil naziri Emin Əmrullayev mövcud saatlıq və yarımştat iş sisteminin tədricən aradan qaldırılacağını, bunun əvəzinə müəllimlər üçün könüllü əsasda tam ştatlı, sabit iş yerlərinin təklif olunacağını açıqlayıb. Üstəlik, yeni sistemdə müəllimlərə daha yüksək maaş verilməsi də nəzərdə tutulub. Belə ki, müəllimlərin həftəlik dərs saatının 18-24 saat təşkil edəcəyi, qalan vaxtın isə şagirdlərlə fərdi iş, valideynlərlə ünsiyyət və digər pedaqoji fəaliyyətlərə ayrıla biləcəyi qeyd olunub.
 
Lakin sözügedən dəyişikliklərin müəllimlərin gündəlik fəaliyyəti və ümumi həyat şəraitinə necə təsir edəcəyi əsas müzakirə mövzularından biridir...

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında bildirib ki, elm və təhsil naziri Emin Əmrullayev tərəfindən nəzərdə tutulan dəyişikliklərin müəllimlərin sosial rifahına müsbət təsir göstərəcəyi gözlənilir:

394801

“Həmçinin, bu yeniliklər müəllim nüfuzunun artmasına da töhfə verəcək. Faktiki olaraq, dövlət qurumlarında olduğu kimi, təhsil müəssisələrində də vahid iş rejimi tətbiq ediləcək. Müəllimlər səhər saat 8-dən (və ya daha sonrakı saatlardan) işə başlayaraq saat 17:00-a qədər fəaliyyət göstərəcəklər. Bu müddət ərzində onlar dərs keçəcək, dərsdən sonra isə növbəti gün üçün hazırlıq görəcək və əlavə diqqətə ehtiyacı olan şagirdlərlə məşğul olacaqlar”.

Ekspert diqqətə çatdırıb ki, bu qaydalar əsasında çalışan və sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər daha yüksək əməkhaqqı ilə təmin olunacaqlar:

“Üstəlik, saat hesabı ilə deyil, tam ştat əsasında işləmək istəyən müəllimlər də bu sistemə qoşula biləcəklər. Bu dəyişikliklərin müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına, şagirdlərin təhsil göstəricilərinin yüksəlməsinə və məktəb-müəllim nüfuzunun artmasına müsbət təsir edəcəyi gözlənilir”.

Günel Cəlilova

0