Universtitetlər barədə uzun müddətdir müzakirə olunan məsələ ilə bağlı artıq qərar verilib.
Belə ki, Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması ilə bağlı məsələ rəsmi sənədlərdə əksini tapıb. Uzun müddətdir gündəmdə olan təşəbbüsün əsas səbəblərindən biri universitetlərin paytaxtda nəqliyyat sıxlığına təsir etməsidir. Ekspertlər hesab edirlər ki, sözügedən qərardan sonra Bakıda tıxac və sıxlıq nisbətən azalacaq.
Maraqlıdır, hansı universitetlər paytaxtdan kənar ərazilərə köçürüləcək?
Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında bildirib ki, universitetlərin əksəriyyəti “Elmlər Akademiyası” metrostansiyasına yaxın ərazidə yerləşir:

“Həmin ərazidə ali təhsil ocaqlarının çox olması səbəbindən günün əksər saatlarında nəqliyyat sıxlığı müşahidə olunur. Ona görə də “Elmlər Akademiyası” metrostansiyası ətrafındakı universitetlərin Bakıdan kənara köçürülməsi yollardakı sıxlığın azalmasına və hərəkətin daha rahat təşkilinə şərait yarada bilər. Hesab edirəm ki, bu halda tələbələr dərsə gecikmədən çata bilərlər. Bununla yanaşı, şəhərin ümumi nəqliyyat yükü də azalacaq”.
Həmsöhbətimiz onu da qeyd edib ki, bəzi universitetlərin filial və şöbələri mövcuddur:
“Hazırda hansı universitetlərin köçürüləcəyi ilə bağlı isə hələ dəqiq siyahı açıqlanmayıb. Lakin hesab edirəm ki, köçürülmə zamanı əsas üstünlük universitetlərin filial və şöbələrinə verilməlidir. Həmçinin, nisbətən az prestijə malik ali təhsil müəssisələri də bu prosesə daxil edilə bilər”.
Günel Cəlilova


