Müasir dövrdə elmi və texnoloji tərəqqi o qədər sürətlənib ki, demək olar hər gün yeni bir ixtira və ya elmi nailiyyət barədə xəbərlər eşidirik.
Bu yeniliklərin əsas məqsədi insanların gündəlik həyatını daha rahat etmək, iş proseslərini sadələşdirmək və müxtəlif sahələrdə qarşıya çıxan çətinlikləri aradan qaldırmaqdır. Bu yanaşma fonunda diqqətçəkən məsələlərdən biri də elmi kəşflərin sayının yetərincə səviyyədə olmamasıdır.
Xüsusilə Azərbaycanda kəşflərin sayının azlığı və ya son illərdə bunun olmaması təəssüflə qarşılanır. Çünki ölkəmizdə kifayət qədər çox alim var. Belə olan halda sual yaranır: Həmin alimlər nə üçün hansısa kəşfə nail ola bilmirlər?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda alimlərin sayı kifayət qədər çoxdur:

“Əvvəlki dövrlərdə istənilən qurumda çalışan şəxs asanlıqla alimlik adını ala bilirdi. Təxminən 5-6 il öncəyə qədər bu belə idi. Sonradan Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi alim adı almaq istəyənlərə bəzi çətinliklər yaratdı. Çünki alim adı almaq, elmi tədqiqat işi aparmaq həm ölkəmiz, həm də beynəlxalq səviyyədə əhəmiyyətli olması anlamını daşıyır”.
Ekspert qeyd edib ki, ölkəmizdə humanitar istiqamətdə yetərincə alim var, texniki, tibbi-riabiotik istiqamətdə isə alimlərin məhdud saydadır:
“Hesab edirəm ki, elmi tədqiqatların aparılması üçün vacib olan amil alimlər üçün yaradılan şəraitdir. Onların hər hansı bir elmi yeniliyə imza atması şərait yaradılmalıdır. Məhdud sayda olsa da elmi kəşflər də mövcuddur. Vacib olan əsas istiqamətlər üzrə deyil, ancaq yenə də var”.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda elmi kəşflərin azlığı həm struktur, həm də maliyyə xarakterli bir neçə ciddi səbəblə bağlıdır:

“Bu məsələ həm mütəxəssislər, həm də ictimaiyyət tərəfindən tez-tez müzakirə olunur. Əsas amillərdən ilk yerdə maliyyələşdirmə və infrastruktur problemi gəlir. Müasir elmi kəşf bahalı laboratoriya avadanlıqları, reaktivlər və texnologiya tələb edir. Azərbaycanda ÜDM-in elmə ayrılan payı inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Bu da fundamental tədqiqatların aparılmasını çətinləşdirir. Digər bir məsələ elm və sənaye arasında əlaqənin zəifliyi ilə əlaqədardır. Dünyada elmi kəşflər çox vaxt biznesin və sənayenin sifarişi ilə ortaya çıxır”.
Mütəxəssis vurğulayıb ki, bizdə isə elmi müəssisələrlə özəl sektor arasında körpü zəifdir:
“Alimin tapıntısı tətbiq olunmursa, o, kəşf səviyyəsinə çata bilmir. Digər toxunulmalı bir məqam kəmiyyət və keyfiyyət uyğunsuzluğu ilə bağlıdır. Qeyd etdiyiniz kimi, alimlərin sayı çoxdur, lakin çoxu tədrislə məşğuldur və ya elmi dərəcəni sadəcə status üçün alır. Elmi məqalələrin əksəriyyəti beynəlxalq sitat gətirilən jurnallarda deyil, daxili nəşrlərdə qalır, bu da elmi yeniliyin dünya miqyasında tanınmasına mane olur”.
Onun sözlərinə görə, burada toxunulacaq əsas məqamlardan biri də beyin axınıdır:
“İstedadlı gənc tədqiqatçılar daha yaxşı iş şəraiti və yüksək maaş üçün xarici ölkələrin elmi mərkəzlərinə üz tuturlar. Bu, ölkə daxilindəki elmi potensialı zəiflədir. Bürokratik maneələr də əsas problemlər sırasında toxunulması vacib məsələlərdəndir. Elmi dərəcələrin verilməsi və tədqiqatların təsdiqi prosesindəki uzunmüddətli bürokratik prosedurlar alimlərin motivasiyasını azaldır. Elm fərdi səy, fərdi səy, fərdi nailiyyət və fərdi fədakarlıqdan daha çox, bir sistem işidir. Sistem yenilənmədikcə, fərdi uğurlar kütləvi elmi kəşflərə çevrilə bilmir”.
Günel Cəlilova


