Bu gün Azərbaycanda orta təhsil haqqı Bakıda bir otaqlı ev almaq qiymətinədir.
Faktiki olaraq, özəl məktəblərdəki təhsil haqqı fantastik səviyyələrə çatıb. Hətta bəzi özəl məktəblərdə təhsil haqqı 5000-60000 min arasında dəyişir.
Maraqlıdır, özəl məktəblərdə qiymətlər necə müəyyən olunur?
Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a açıqlamasında deyib ki, təhsil sistemində əsas diqqət dövlət məktəblərinin inkişafına yönəldilməlidir:
“Belə olmalıdır ki, valideynlər seçim edərkən daha çox bu istiqamətə üstünlük versinlər. Dövlət məktəblərinin səviyyəsi yüksəldikcə təhsil bazarında balans yaranır və bu da öz növbəsində rəqabətin formalaşmasına gətirib çıxarır. Rəqabət mühitinin güclənməsi isə qiymətlərin daha real və ədalətli şəkildə formalaşmasına təsir edə bilər”.
Onun sözlərinə görə, mövcud vəziyyətə nəzər saldıqda, ölkədə özəl təhsil müəssisələri ilə bağlı antiinhisar istiqamətində geniş və açıq araşdırmaların ictimaiyyətə təqdim olunmadığı müşahidə olunur:

“Buna baxmayaraq, bu sahədə hüquqi imkanlar mövcuddur və onların işləməsi üçün həm dövlətin təşəbbüsü, həm də ictimai nəzarətin gücləndirilməsi vacib hesab edilir, Əslində, özəl təhsil müəssisələri ödəniş siyasətini əsasən sərbəst şəkildə formalaşdırırlar. Bazarda tələb və təklif balansı qiymətlərin dəyişməsində əsas rol oynayır. Bu məktəblər qiymətləri formalaşdırarkən müxtəlif xərcləri nəzərə alır: icarə haqları, kredit ödənişləri, müəllim maaşları, tədris proqramları üçün lisenziya xərcləri və vergi öhdəlikləri kimi faktorlar ümumi qiymət siyasətinə təsir edən əsas elementlər sırasındadır”.
Günel Cəlilova


