Müasir dövrdə şagirdlərdə müstəqil öyrənmə vərdişinin formalaşdırılması həm valideynlər, həm də müəllimlər üçün ən mühüm hədəfə çevrilib.
Təhsil sistemi islahatlarla yeniləndikcə, siniflərdəki ənənəvi “müəllim-şagird” münasibətləri dəyişir və daha müasir bir müstəviyə keçir. Belə ki, artıq təhsilin sadəcə məzmunu deyil, onun şagirdə hansı formada çatdırılması və fərdin öz biliklərini müstəqil şəkildə necə idarə etməsi əsas prioritetdir.
Eyni zamanda, ali təhsil müəssisələrinin sayındakı artım kəmiyyət və keyfiyyət balansının qorunması zərurətini yaradır. Sistemin ehtiyac duyduğu fundamental islahatlar isə təhsilin gələcəyini müəyyən edən əsas amildir.
Məsələ ilə bağlı təhsil kouçu Leyla Quluzadə Hit.az-a müsahibə verib:
- Leyla xanım, sizcə, bizim məktəblərdə müəllim daha çox bilik ötürən rolundadır, yoxsa şagirdə yol göstərən və onu müstəqil öyrənməyə təşviq edən rəhbər rolunda? Bu balansı qurmaq üçün üçün nə etmək lazımdır?
- Əslində, bu məsələyə birtərəfli yanaşmaq məktəblərdə fasilitator rolunu oynayan müəllimlərin əməyinə qarşı haqsızlıq olar. Məlumdur ki, ənənəvi təhsil sistemində müəllim, əsasən, biliyi ötürən tərəf kimi çıxış edirdi. Lakin şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarından sonra məktəblərdə fəaliyyətə başlayan bir çox müəllim dərslərini müasir praktikalar və fərqli üsullar əsasında quraraq, düşünməyi bacaran şagirdlər yetişdirməyə çalışır.
Ölkəmizdəki rəsmi qaydalara və protokollara nəzər salsaq, hər şeyin mövcud olduğunu görərik, lakin praktika hələ də zəifdir. Bir müəllimin şagirdi öyrənməyə təşviq edən fasilitator rolunda çıxış edə bilməsi üçün, ilk növbədə, özü öyrənməyi həqiqətən sevən bir şəxs olmalıdır. Belə bir fikir var: “Öyrənməyi dayandıran müəllim, öyrətməyə davam edə bilməz”. Bizim məktəb sistemimizdə dərsliklərdə qaydalar var, lakin həmin qaydaların praktiki tətbiqini uşağa aşılamaq məsələsi hələ də ləng gedir.
- Bəs bir vaxtlar parta arxasında əyləşən Leylaya “Məktəbdən nə xatırlayırsan?” sualını versək, cavabınız nə olar?
- Getdiyimiz ekskursiyaları, açıq dərslər zamanı müəllimlərimin qurduğu fərqli mühiti və məktəbdə apardığımız müxtəlif eksperimentləri xatırlayıram. İndiki məktəblilər də məndən fərqlənmirlər. Əgər dərsin təşkili uşaqda maraq yaratmırsa, o, müəllimi dinləmir. Müəllimin peşəkarlığı da məhz burada üzə çıxır. Öz şəxsi inkişafına və dünyagörüşünə sərmayə qoyan müəllim şagirdi “görə” bilir, ona doğru suallar ünvanlayaraq öyrənməyə həvəsləndirir.
Bu balansı qorumaq üçün müəllimlər mütəmadi olaraq təlimlərə cəlb edilməli və məktəbdaxili tədbirlərin keçirilməsinə xüsusi önəm verilməlidir. Hər bir şagird fərdi xüsusiyyətlərə malikdir, lakin fərdi yanaşmanı təkcə müəllim formalaşdıra bilməz. Bunun üçün dövlətin xüsusi dəstəyinə ehtiyac olduğunu düşünürəm. Beynəlxalq təcrübədə “rəhbər müəllim” və “təhsil mütəxəssisi” kimi anlayışlar mövcuddur. Müəllimlər məktəb daxilində birbaşa bu şəxslərlə əlaqəli fəaliyyət göstərir, onlar isə həm müəllimlərin, həm də şagirdlərin fərdi inkişafına peşəkar dəstək verirlər. Çünki hər şey müəllimdən başlayır. Əgər biz müəllimi yüksək səviyyədə yetişdirə bilsək, təhsildəki bir çox problem öz-özünə aradan qalxar.
- Məlumdur ki, universitetlərin sayının artması, ali təhsilin əlçatanlığını təmin etsə də, təhsilin keyfiyyətinə necə təsir etməsi məsələsi geniş müzakirələrə səbəb olur. Sizcə, say artımı həmişə müsbət nəticə verir?
- Universitetlərin sayının artması ali təhsilin əlçatanlığı baxımından, şübhəsiz ki, müsbət göstəricidir. Lakin kəmiyyət artımı hər zaman keyfiyyətin yüksəlməsi mənasına gəlmir. Xüsusilə bölgələrdə yeni təhsil ocaqlarının açılması regionlardakı təhsil imkanlarını genişləndirir, sosial bərabərliyi gücləndirir və daha çox vətəndaşın ali təhsil almasına zəmin yaradır.
Buna baxmayaraq, bu proses özündə müəyyən riskləri də ehtiva edir. Belə ki, sürətli genişlənmə təhsil proqramlarının keyfiyyətsizləşməsinə və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yetərli olmamasına gətirib çıxara bilər. Təhsilin keyfiyyətinin aşağı düşməsi isə gələcəkdə ciddi bir “işsizlər ordusu” probleminin yaranması deməkdir. Mənim şəxsi qənaətim budur ki, bölgələrdə yeni universitet binalarının inşasından daha çox, mövcud təhsilin məzmununa və keyfiyyətinin artırılmasına daha böyük sərmayə qoyulmalıdır.
- “Öyrənməyi öyrətmək” anlayışı haqqında danışa bilərsiniz? Praktikada necə həyata keçirilməlidir?
- Öyrənməyi öyrətmək şagirdə sadəcə hazır məlumat ötürmək deyil, həmin məlumatı necə əldə edəcəyini ona aşılamaqdır. Bu yanaşmanı praktikada uğurla tətbiq etmək üçün prosesə uşaq bağçalarından başlamalıyıq. Çünki bunun üçün bizə, ilk növbədə, sual vermək bacarığı inkişaf etmiş uşaqlar lazımdır. Sual verməyi və araşdırma aparmağı bacaran, səhv etmək qorxusu olmadan seçim etmək imkanına malik, refleksiya (özünüqiymətləndirmə) və tənqidi təfəkkür bacarığına sahib uşaqlar həqiqətən öyrənə bilər.
- Nəyə görə məhz bağça yaşından başlamalıyıq?
- Çünki uşaqlar sual verməyə çox kiçik yaşlarından başlayırlar. Əgər bağça dövründə uşağın sualları cavabsız qalar və bu bacarığı “baltalanarsa”, o, gələcəkdə məktəbdə yuxarıda sadalanan xüsusiyyətləri tətbiq edə bilməyəcək. Hesab edirəm ki, kurikulum sistemində bu məsələlər nəzəri baxımdan yaxşı işlənib, ancaq bizə bu sistemi praktikada reallaşdıra bilən və dərsi məhz bu formatda aparmağı bacaran müəllimlər lazımdır.
- Təhsil sistemində hansı islahatlara ehtiyac var?
- Təhsilin keyfiyyətini yüksəltmək üçün, ilk növbədə, müəllim hazırlığı gücləndirilməlidir. Burada söhbət təkcə MİQ və ya sertifikasiya imtahanlarından deyil, müəllimlərin müasir pedaqogika və fasilitasiya bacarıqlarına dərindən yiyələnməsindən gedir.
Eyni zamanda, qiymətləndirmə sistemi köklü şəkildə dəyişdirilməlidir. Standart test tapşırıqlarından çox, şagirdlərin bacarıqlarını üzə çıxaran layihələrə və portfoliolara üstünlük verilməsi məqsədəuyğundur. Emosional intellekti və “yumşaq bacarıqları” (soft skills) yüksək olan fərdlər yetişdirmək üçün təhsil proqramına yeni fənlər əlavə edilməlidir. Ən əsası isə məktəblərdə psixoloq və kouç dəstəyi kimi anlayışlar daha aktiv tətbiq olunmalı, müəllim peşəsinin nüfuzu və etibarı cəmiyyətdə yenidən bərpa edilməlidir.
Sevinc İsmayıl


