Elm və təhsil naziri Emin Əmrullayev universitetlərin köçürülməsindən danışıb.
O, APA-ya müsahibəsi zamanı paytaxtdakı universitetlərin köçürülməyəcəyini, amma Bakıda təhsil alan tələbələrin sayının mərhələli şəkildə azaldılmasının nəzərdə tutulduğunu deyib. Nazirin sözlərinə görə, məqsəd region universitetlərinin inkişaf etdirilməsi və tələbələrin daha çox bölgələrdə təhsil almasına şərait yaratmaqdır. O qeyd edib ki, Mingəçevir, Qarabağ, Naxçıvan və Lənkəran universitetlərində imkanlar genişləndirilir. Lakin nazirin bu fikri müzakirələrə səbəb olub.
Maraqlıdır, paytaxt universitetlərində bakalavrların sayı azaldılacaq?
Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında deyib ki, Bakıdakı yükün, həm infrastrukturun, həm də nəqliyyat sıxlığının çoxluğu birmənalı şəkildə tələbələrlə bağlı deyil:

“Dərslərin olmadığı dövrlərə nəzər salsaq, Bakı şəhərində yenə də sıxlığın müşahidə olunduğunu görərik. Paytaxtdakı universitetlərin bir qisminin şəhərdən kənar ərazilərə köçürülməsi nəqliyyat sıxlığına müəyyən dərəcədə təsir göstərə bilər. Lakin Bakıda əhalinin sayının çox olması və regionlarda iş yerlərinin azlığı insanların paytaxta axınına səbəb olur.
Daha məqsədəuyğun olardı ki, regionlarda yeni iş yerlərinin yaradılmasına üstünlük verilsin və aidiyyəti qurumlar bu istiqamətdə müvafiq tədbirlər həyata keçirsinlər. Bölgələrdə iş yerlərinin sayı artsa, bu, Bakının yükünün azalmasına da müsbət təsir göstərə bilər”.
Həmsöhbətimiz onu da əlavə edib ki, universitetlər hər il ixtisaslar üzrə ehtiyac duyulan tələbə sayını müəyyənləşdirərək bu məlumatları Dövlət İmtahan Mərkəzinə təqdim edirlər:
“Qəbul planı da həmin ehtiyaclara uyğun formalaşdırılır. Əmək bazarında hansı ixtisasa tələbat varsa, həmin sahələr üzrə tələbə qəbulu həyata keçirilir. Bu baxımdan bakalavrların sayının azaldılması Bakıda müşahidə olunan sıxlıq problemini həll etməyəcək”.
Günel Cəlilova


