Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə süni intellektin tədrisi ilə bağlı danışarkən vurğulayıb ki, bu prosesə tələsmək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, şagirdlərə bu sahədə biliklərin verilməsi üçün əvvəlcə müəllimlərin müasir texnologiyalar və süni intellekt üzrə peşəkar hazırlığı təmin edilməli, zəruri kadr potensialı formalaşdırılmalıdır. Yalnız bundan sonra bu mövzunun məktəb proqramlarında səmərəli şəkildə tətbiqi mümkün ola bilər.
Maraqlıdır, süni intellekt dərslərinin məktəblərdə keçirilməsi üçün zəmin formalaşıbmı?
Təhsil eksperti Elmin Nuri Hit.az-a açıqlamasında bildirib ki, süni intellekt kimi mürəkkəb istiqamətin məktəblərdə tədrisi üçün ilk şərt bu sahədə peşəkar bilik və bacarığa malik müəllimlərin hazırlanmasıdır:

“Mövcud fənn müəllimlərinin üzərinə bu məsuliyyəti qoymaq düzgün yanaşma hesab edilə bilməz. Bəzən belə fikir səsləndirilir ki, informatika müəllimləri əlavə hazırlıq keçməklə süni intellekt fənnini də tədris edə bilərlər. Lakin bu sahənin spesifikliyi nəzərə alındıqda, belə yanaşmanın praktik nəticə verməsi inandırıcı görünmür.
Qısa müddətli təlimlər və ya bir neçə aylıq kurslar süni intellekt üzrə peşəkar müəllim yetişdirmək üçün kifayət etmir. Bu istiqamətdə ciddi akademik hazırlıq və uzunmüddətli ixtisaslaşma tələb olunur”.
Ekspert hesab edir ki, yeni fənnin tədrisinə başlamazdan əvvəl onun məzmununu əhatə edən müasir kurikulum hazırlanmalı, daha sonra həmin proqram əsasında işləyəcək müəllim heyəti formalaşdırılmalıdır:
“Azərbaycan məktəblərində süni intellektin tədrisinin uğurla tətbiqi yaxın perspektivdə deyil, mərhələli şəkildə həyata keçirilə biləcək prosesdir. Bunun üçün təxminən 7-8 illik hazırlıq dövrünə ehtiyac var.
Bu istiqamətdə uğur qazanmaq yalnız bir addımla mümkün deyil. Tədris proqramı, müəllim hazırlığı, texniki baza və metodiki təminat paralel şəkildə inkişaf etdirilməli, məsələyə sistemli və kompleks yanaşılmalıdır”.
Günel Cəlilova

