Eyni ixtisas, fərqli təhsil haqqı...

TƏHSİL
15:34 / 25.08.2026
178

Eyni ixtisasın müxtəlif universitetlərdə fərqli təhsil haqqı ilə tədris olunması abituriyent və valideynlər üçün tez-tez sual doğuran məsələlərdəndir. 

Universitet seçimində yalnız ixtisasın adı deyil, həmin təhsilin tələbəyə hansı imkanları təqdim etdiyi və ödəniş məbləğinin necə müəyyənləşdirildiyi də önəm daşıyır. 

Bəs eyni ixtisas üzrə qiymət fərqinin arxasında hansı amillər dayanır? Daha yüksək təhsil haqqı həqiqətən daha keyfiyyətli təhsil deməkdirmi?

Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında deyib ki, əslində dövlət universitetlərində qiymət tənzimlənmiş şəkildə hər bir universitetə, rayonuna və şəhərinə görə bölünüb standart qiymət qoyulmalıdır:

407995

“Çünki dövlət universitetlərinin maliyyələşməsi dövlət tərəfindən qarşılanır. Yəni Bakı və regionlar üçün ayrı rəqəm nəzərdə tutulmalıdır. Lakin bunu özəl universitetlər üçün demək olmaz. Özəl universitetlərin maliyyələşmə sistemi özünə aiddir deyə, o dövlətə sadəcə vergi verir. Ona görə də istədiyi qiyməti qoya bilir. Düzdür, şişirdilmiş şəkildə yox, müəyyən standartlar əsasında qiymət qoyur. 

Məsələn, biz bu gün eyni bir ixtisası Xəzər Universitetində 4500-5000, Qərb Kaspi Universitetində 3000-3500, Bakı Avrasiya Universitetində 2500, 2900 və ya 2700 civarında görürük. Həmçinin, Odlar Yurdunda təxminən 3000-3500, Azərbaycan Universitetində isə 2500-3000 olur. Bunların hamısı özəl universitetlərdir deyə özləri öz qiymətlərini təyin edir və o qiymət əsasında tələbə qəbulu həyata keçirir, sonra da öz qazancına uyğun dövlətə vergi verir”.

Ekspert onu da bildirib ki, dövlət universitetləri dövlət tərəfindən tənzimlənməlidir: 

“Dediyim kimi, ixtisasların qiymətləri müəyyən bir standart səviyyədə saxlanılmalıdır. Məsələn, təhsil haqqı Bakı üçün 2500-3000, rayonda isə 1800-2500 civarında ola bilər. Düzdür, aşağı-yuxarı elədir, amma fərqli-fərqli dövlət universitetlərində eyni ixtisasda fərqli qiymətlər görürük. 

Bu da hər halda orada universitetə dəvət olunan müəllimin, pedaqoqun təlimi ilə bağlı olan bir şeydir. Çünki bəzi universitetlərdə tədrisi ingiliscə həyata keçirilən ixtisaslar var ki, o ixtisasların təlimi üçün lazım gələndə xaricdən müəllim dəvət olunur. Belə olan halda da artıq ona ödənilən maaş artdığı üçün, bu tərəfdən maliyyələşmə sistemi də ixtisasın qiymətinə təsir edir. Yəni bu kimi hallar istər-istəməz qiymətlərdə qeyri-mütənasibliyi artırır”.

Günel Cəlilova

0