Erməni dilini öyrənmək vacibdir?

TƏHSİL
12:12 / 28.08.2026
162

Bakı Slavyan Universitetində erməni dilinin tədrisinə başlanılması nəzərdə tutulur. 

Universitetin Elmi Şurasının qərarına əsasən, erməni dili növbəti tədris illərində fənn və ya kurs kimi tədris proqramına daxil ediləcək. Bəs erməni dilini öyrənmək niyə vacibdir?

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Hit.az-a açıqlamasında bildirib ki, erməni dilinin Azərbaycanda geniş şəkildə öyrənilməsinə ehtiyac yoxdur:

“Çünki tarixən bu coğrafiyada Azərbaycan xalqının yaşadığı ərazilər üstünlük təşkil edib və bölgə əsasən türk arealının tərkibində olub. Bu baxımdan erməni dili ilə yanaşı, digər qeyri-türk xalqlarının dillərinin öyrənilməsi də geniş kütlə üçün deyil, daha çox spesifik və peşəkar ehtiyaclar çərçivəsində nəzərdən keçirilməlidir. 

Bununla belə, Azərbaycan dövlətinin erməni dilini yüksək səviyyədə bilən mütəxəssislərə ehtiyacı var. Xüsusilə Azərbaycanla uzun müddət müharibə vəziyyətində olmuş Ermənistanla bağlı siyasi, hərbi və təhlükəsizlik məsələlərinin araşdırılması baxımından bu sahədə peşəkar kadrların hazırlanması vacibdir”.

408299

Ekspert qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində müəyyən irəliləyişlər olsa da, yekun və davamlı sülhün bütün mexanizmlərinin tam formalaşdığını söyləmək hələ tezdir:

“Gələcəkdə Ermənistanda siyasi hakimiyyətin dəyişməsi, fərqli qüvvələrin hakimiyyətə gəlməsi və ya revanşist yanaşmaların yenidən güclənməsi ehtimalını da nəzərə almaq lazımdır. Bu səbəbdən erməni dilini bilən mütəxəssislərin hazırlanması xüsusilə hərbi-siyasi sahədə əhəmiyyət daşıyır. Belə kadrlara həm mümkün müharibə şəraitində, həm də hərbi qarşıdurmaya hazırlıq və təhlükəsizlik risklərinin qiymətləndirilməsi zamanı ehtiyac yarana bilər. Onlar Ermənistanın siyasi və hərbi dairələrində baş verən proseslərin, müxtəlif mənbələrdə yayılan məlumatların və cəmiyyət daxilindəki meyillərin daha dəqiq təhlilinə töhfə verə bilərlər”.

Həmsöhbətimiz onu da əlavə edib ki, erməni dilinin geniş şəkildə tədrisinin zəruri olduğu anlamına gəlmir:

“Daha məqsədəuyğun yanaşma bu sahədə konkret istiqamətlər üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsidir. Belə kadrlar hərbi və siyasi məsələlərlə yanaşı, elmi-tədqiqat fəaliyyətində də mühüm rol oynaya bilərlər. Xüsusilə Ermənistanın tarixi, siyasi sistemi, ictimai prosesləri, dil və mədəniyyəti ilə bağlı araşdırmalar aparan alimlərin və tədqiqatçıların erməni dilini bilməsi elmi mənbələrə birbaşa çıxış baxımından əhəmiyyətlidir. Buna görə də əsas məqsəd erməni dilinin kütləvi şəkildə öyrədilməsi deyil, dövlət və elmi tədqiqatlar üçün zəruri olan peşəkar mütəxəssis bazasının formalaşdırılması olmalıdır”.

Sevinc

0