Plan yerləri yenə də boş qaldı – NİYƏ?

TƏHSİL
11:06 / 04.09.2026
139

Boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. 

Nəticələrə əsasən, ali təhsil müəssisələri üzrə 1370 yer boş qalıb. Kolleclərdə isə 2231 plan yeri yenə də boş qalıb. Əlavə seçim imkanı yaradılmasına baxmayaraq, yerlərin bu qədər böyük hissəsinin tutulmaması diqqət çəkir. Bəs ikinci şansdan sonra da plan yerlərinin boş qalmasının əsas səbəbi nədir?

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ikinci turda aparılan yerləşdirmədən sonra ümumilikdə 1370 yer boş qalıb: 

“Belə ki, ikinci turda 390 nəfər – həm abituriyent, həm də subbakalavr qəbul olub. Bununla belə, 1370 plan yeri tutulmayıb. Boş yerlərin qalması iştirakçıların müvafiq müsabiqə şərtlərini ödəməməsi ilə bağlıdır. Eyni zamanda, bəzi ixtisaslar ümumiyyətlə abituriyentlər tərəfindən seçilməyib. Burada əsasən pedaqoji yönümlü ixtisaslar nəzərdə tutulur.

Orta ixtisas təhsili müəssisələrinə, yəni kolleclərə gəldikdə isə, burada 2231 plan yeri boş qalıb. 11 illik baza üzrə kolleclərə qəbul 18 400-dən çox plan yeri əsasında həyata keçirilib. Bu yerlər üzrə 17 351 nəfər müsabiqədə iştirak edib və onların 16 mindən çoxu qəbul olunub. Buna baxmayaraq, kolleclər üzrə 2231 yer yenə də boş qalıb”.

408947

Ekspert hesab edir ki, bu vəziyyətin əsas səbəblərindən biri ixtisas seçiminin düzgün aparılmaması, digəri isə bəzi ixtisas istiqamətləri üzrə müsabiqə şərtlərinin ödənilməməsidir: 

“Müqayisə apardıqda da vəziyyət aydın görünür. Belə ki, 18 min 400-dən çox plan yeri olduğu halda müsabiqəyə 17 min 351 nəfər qatılıb. Yəni mövcud plan yerləri ilə müqayisədə müsabiqə iştirakçılarının sayı təxminən 1000 nəfər az olub. Bunun üzərinə ixtisas seçimini düzgün etməyən və nəticədə müsabiqədən kənarda qalan şəxsləri də əlavə etdikdə, boş qalan yerlərin səbəbləri daha aydın görünür.

11 illik baza üzrə orta ixtisas təhsili müəssisələrində ixtisas seçiminin ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulur. Bu prosesin sentyabr ayının sonlarına doğru həyata keçirilməsi gözlənilir. Lakin ali təhsil müəssisələrində boş qalan 1370 plan yeri artıq boş olaraq qalacaq”.

Həmsöhbətimiz əlavə edib ki, ümumilikdə isə yaranmış vəziyyət əmək bazarının növbəti illər üçün daha dəqiq araşdırılmasının vacibliyini göstərir:

“Plan yerləri əmək bazarında daha çox tələbat olan ixtisaslar üzrə artırılmalıdır. Artıq məlumdur ki, bir çox abituriyent əmək bazarında tələbatın az olduğu və gələcəkdə iş tapmaq baxımından çətinlik yarada biləcək ixtisaslara üstünlük vermir.

Bununla yanaşı, bəzi istiqamətlər üzrə müsabiqə şərtlərinin ödənilməməsi də plan yerlərinin boş qalmasına səbəb olur. Bu baxımdan, həm əmək bazarının tələblərinin, həm də abituriyentlərin ixtisas seçiminə münasibətinin nəzərə alınması gələcək qəbul planlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır”.

Sevinc

0