Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahanlardan sonra keçirilən müzakirələrdə müəllimlərin və təhsil ekspertlərinin iştirak etməməsini tənqid edib.
Onun fikrincə, imtahan suallarının çətinliyi və nəticələrlə bağlı fikir bildirən şəxslərin imtahanöncəsi müzakirələrdə də fəal iştirak etməsi vacibdir. Bəs müəllim və təhsil ekspertlərinin imtahan nəticələrinin təhlilinə, sualların müzakirəsinə qoşulması təhsilin keyfiyyətinin yüksəldilməsinə nə dərəcədə təsir göstərə bilər?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, abituriyentin nəticəsi zəif olduqda günahı dərhal Dövlət İmtahan Mərkəzində axtarmaq düzgün deyil:

“İmtahan sualları müəyyən prinsiplər əsasında sadə, orta və çətin səviyyələrə bölünür. Bəzən imtahanlardan sonra sualların çətinliyi ilə bağlı müzakirələrə qoşulan və abituriyentlərin narazılığını artıran şəxslər imtahanöncəsi keçirilən müzakirələrdə iştirak etmirlər. Halbuki tədris və təhsil keyfiyyəti ilə bağlı hər kəsin öz fikri ola bilər və bu fikirlər ümumi müzakirələr zamanı səsləndirilərək müsbət qərarların qəbuluna töhfə verə bilər”.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi müəllimləri və təhsil mütəxəssislərini imtahanlara qədər təşkil olunan seminarlarda və məşğələlərdə iştirak etməyə çağırır:
“Bu müzakirələrdə iştirak müəllimlərin imtahan proqramı, müvafiq mövzular və sual tipləri ilə əvvəlcədən tanış olmasına, eləcə də təhsilin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılmasına imkan yaradır”.
Sevinc


