Məktəblərdə TikTok qadağası uşaqları qorumaq üçün yetərlidirmi?

TƏHSİL
15:10 / 22.10.2026
129

Məktəblərdə şagirdlərin zərərli rəqəmsal məzmunlardan qorunması istiqamətində məhdudiyyətlər tətbiq olunub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun açıqlamasına görə, təhsil müəssisələrində TikTok-a giriş məhdudlaşdırılıb, həmçinin cinayət, narkotik və zorakılıq məzmunlu 200-dən artıq görüntünün qarşısı alınıb. Nazir müavini uşaqların təhlükəli kontentdən qorunmasında ailələrin də üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.

Bu məhdudiyyətlər nə dərəcədə effektiv olacaq? Məktəblərdəki qadağalar uşaqları zərərli internet məzmunundan qorumaq üçün kifayətdirmi?

Təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, şagirdlərin məktəbdən kənarda da TikTok və digər sosial şəbəkələrə daxil ola bilməsi bu məsələyə daha geniş yanaşma tələb edir:

413496

“Bu səbəbdən uşaqların platformalardan istifadəsinə dair yaş hədlərinin müəyyənləşdirilməsi və qaydaların real şəkildə tətbiqi vacibdir. Sosial şəbəkələrdə hesab yaratmağın asan olması azyaşlıların da bu platformalara qoşulmasını asanlaşdırır. Nəticədə uşaqların diqqəti dərslərdən yayınır, sinifdə nizam-intizamla bağlı çətinliklər yaranır və məktəb mühitinə uyğun olmayan davranışlar ortaya çıxa bilir”.

Ekspert hesab edir ki, problemin həlli üçün yalnız təhsil sahəsində görülən tədbirlər kifayət etməyə bilər:

“Məsələnin aidiyyəti dövlət qurumları ilə birgə müzakirəsi və uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirən daha əhatəli tədbirlərin hazırlanması zəruridir”.

Sevinc

0