Pakistan məhkəməsi cümə axşamı günü Pakistan Telekommunikasiya İdarəsinə (PTA) TikTok sosial şəbəkəsini "cəmiyyətdə ədəbsiz" videolar yaydığına görə bloklamağı əmr edib.
HİT.Az xəbər verir ki, bu haqda “Naya Daur” qəzetinin məlumatında deyilir.
İşi idarə edən hakim Rəşid Xana görə, " TikTok Pakistan cəmiyyəti üçün qəbuledilməzdir" və PTA, "əxlaqsız məzmunlu" yayımları dayandırmağa borcludur.
PTA direktoru Kamran Qandapurun sözlərinə görə, əvvəllər şirkət sosial şəbəkə rəhbərliyinə ədəbsiz videoların silinməsi xahişi ilə müraciət etsə də, buna cavab verilməyib.
Xatırladaq ki, TikTok qısa musiqi videoları, canlı yayımlar və mesaj mübadiləsi yaratmağa imkan verən populyar sosial şəbəkədir. Sosial şəbəkə Çinin ByteDance şirkətinə məxsusdur.