Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə reallaşdırılacaq yeni audio funksiyalardan danışıb.
Beləliklə verilmiş məlumata əsasən Facebook-da Soundbites adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya qısa audiokliplər yaratmağa və onları digərləri ilə paylaşmağa imkan verəcək. Bu funksiya yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və ilk mərhələdə kiçik istifadəçi kütləsi üçün aktiv olacaq. Bundan əlavə olaraq Facebook daxilində podkastların axtarış sistemi yaradılacaq.
Bunun sayəsində istifadəçilər öz podkastlarını sosial şəbəkədə paylaşa biləcəklər. Zuckerberg-in sözlərinə əsasən Facebook bu məsələdə digər tətbiqlər ilə əməkdaşlıq üçün danışıqlar da aparır. Yay fəslində isə bütün Facebook istifadəçiləri üçün Clubhouse tərzində audio otaqlar istifadəyə veriləcək. Həmin otaqlar sayəsində istifadəçilər çıxış edən hansısa şəxsə qulaq asa və onunla qarşılıqlı əlaqədə ola biləcəklər. Bundan əlavə olaraq Facebook bu cür audio otaqların monetizasiya sistemini quracaq. Beləliklə istifadəçilər ilkin mərhələdə audio otaq yaradıcılarına ianələr göndərə biləcəklər. Daha sonra isə otağa birbaşa ödəniş və ya ödənişli abunəlik sistemi vasitəsilə daxil olma sistemi istifadəyə veriləcək. Milli.Az