“Miniboss Business School”un kecirdiyi ilk milli çempionatın qalibi müəyyənləşdi - FOTO/VİDEO

12:25 / 16.06.2021
1776

Bu gün “Miniboss Business School” proqramı çərçivəsində Azərbaycanda startapçılar arasında ilk milli çempionat keçirilib. 

Bu proqram çərçivəsində ölkəmizdə uşaq və yeniyetmələrə biznesin əsasları tədris edilir və real biznesin təsis edilməsi öyrədilir. Uşaqlar “MiniBoss Biznes Məktəbində” oxuyarkən ilkin startap ideyalarını həyata keçirirlər və tədris ilinin sonunda Startap Forumunda, daha sonra isə Milli Çempionatda münsiflər heyətinə təqdim edərək bazara çıxarırlar. Tədris prosesi rus və ingilis dillərində aparılır. 

Dünən gənc startapçılar arasında keçirilən Milli Çempionatda MiniBoss Biznes Məktəbinin 6 komandası mübarizə aparıb:

1. “FAF Creations” komandası: “Bath Bombs” startapı. 
2. “AzIQ” komandası: Azərbaycan milli dəyərlərini təbliğ edən stolüstü oyun. 
3. “Choco Magic” komandası: Tam şəkərsiz şokoladın istehsalı və satışı. 
4. “Football4Fun” komandası: Azərbaycanda futbol geyimi və aksessuarlarının satışı üzrə ilk onlayn mağaza və “Youtube” kanalı.
5. “My First Football album” komandası: Azərbaycanın futbol nailiyyətlərinə və tarixinə həsr olunmuş ilk albom. Eyni zamanda milli futbol klublarının oyunçularının avtoqraflarını toplamaq üçün albomdur.
6. “Smart Candy” komandası: Unikal şirniyyat mallarının satışı.

Çempionatın qalibi “Bath Bombs” layihəsi ilə “FAF Creations” komandası seçilib. Komandanın layihəsi vannalar üçün xüsusi ekoloji və heç bir zərər verməyən maddələrdən hazırlanmış müalicəvi hamam məhsulların hazırlanmasından ibarətdir. “FAF Creations” startapının əsas məqsədi bu məhsulları tam ekoloji maddələrdən istifadə edərək yerli bazara təqdim etməkdir. 

Qalib komandaya kubok və müxtəlif hədiyyələr təqdim edilib. Ümumilikdə layihədə iştirak edən digər bütün uşaqlara isə sertifikatlar verilib. 

“MiniBoss Business School” proqramı çərçivəsində uşaqlara və yeniyetmələrə xüsusi tədris proqramı, metodologiyası səkkiz kursdan ibarət olan biznes ideyaların inkişafı, liderlik, maliyyə savadlığı, innovasiyaların nəzəriyyəsi və ən əsas praktik məşqlər vasitəsilə bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilir. 

Digər məktəblərdən fərqli olaraq “MiniBoss Biznes School Baku” məktəbində uşaqlar öz real startaplarını hazırlayırlar və onları Milli Çempionatda münsiflər heyətinə təqdim edirlər. “MiniBoss Business School” məktəbinin proqramı xüsusi olaraq hazırlanır və bu tədris prosesindən keçən uşaq və yeniyetmələr komanda şəklində biliklərini sınayıblar. Xatırladaq ki, aprel ayının 3-də keçirilən startapçıların seçim turunda öz ideyalarını irəli sürən uşaq və yeniyetmələrə bu ideyaları layihə halında təqdim etmələri üçün müvafiq qrantlar (investisiya) ayrılıb.

“Miniboss Business School”-un icraçı direktoru Elman Əliyev açıqlamasında bildirib ki, hər il uşaqlar arasında bu cür milli çempionat keçirilir:

“Bu gün uşaqlar aprelin 3-də keçirilən “Miniboss Business School Baku”nun ilk Startap Forumunda irəli sürdükləri ideyaları prezentasiya halında münsiflərə təqdim ediblər. Bugünkü Milli Çempionatda isə uşaqlar həmin ideyaların həyata keçirilmiş məhsullarını nümayiş etdiriblər və münsiflərin kriteriyaları əsasında Çempionatda altı komanda bilik və bacarıqlarını göstərib. Komandalardan biri layihəsini rus dilində, digərləri isə ingilis dilində təqdim edəcək. Qeyd edim ki, çempionata 6-15 yaş qrupları arasındakı uşaq və yeniyetmələr qatıla bilər. Bu çempionatda münsiflər tərəfindən ən maraqlı konsepsiya seçiləcək və qalib elan ediləcək. Layihələrin hazırlanması üçün komandalar müxtəlif məbləğdə investisiyalar qazanıb. Belə ki, ayrılan qrantlar minimum 800 AZN, maksimum isə 1100 AZN olub. Çempionatda qalib olan komanda iyulun 1-də “Miniboss Business School”-ların Böyük Britaniyada keçirilən MiniBoss Business School Beynəlxalq Çempionatında iştirak etmək hüququ qazanacaq.

“Miniboss Business School”-un əsas məqsədi uşaqların kreativ ideyalarını formalaşdırmaq və həmin ideyaları startap şəklində reallaşdıraraq hazır məhsulları (xidmətləri) cəmiyyətə təqdim etməkdir. Bu çempionat məhz biznesin kiçik yaşlardan uşaqlara təlqin etməyin nə dərəcədə önəmli olduğunun sübutudur”.

Qeyd edək ki, uşaq və yeniyetmələrə biznesin əsaslarını tədris edən “Miniboss Business School” proqramı Fransa, Ukrayna, Litva, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, İndoneziya, Bolqarıstan, Qazaxıstan və digər ölkələrdə rəsmi nümayəndəliklərə və franşiza əsasında fəaliyyət göstərən biznes məktəblərinə malikdir. 

Ölkəmizdə bu layihənin uğurla həyata keçirilməsi isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Böyük Britaniyanın “Avropanın Biznesin İnkişafı Bürosu” Elmi Tədqiqat Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

“Miniboss Business School”-un təsisçisi, Bakı filialının rəhbəri Nərminə Həsənova açıqlamasında bu gün bilik və bacarıqları ilə mübarizəyə qoşulan komandalara uğurlar arzu edib:

“Müasir dövrün inkişaf reallığı onu göstərir ki, hər kəs kiçik yaşlarından biznes biliklərinə malik olmalıdır. “Miniboss Business School” ilk dəfə 20 il bundan öncə Böyük Britaniyada yaradılıb. Bu məktəbin sistemi orta məktəblərdən çox fərqlidir. Biznes sahəsində ideya, təcrübə, kommunikasiya, danışıqların aparılması və digər istiqamətdə biznesin incəlikləri mütəxəssislər tərəfindən uşaq və yeniyetmələrə təlqin edilib. Burada dərslər interaktiv şəkildə aparılır, eyni zamanda humanist pedaqoqika, maraqlı master klasslar uşaqların bu sahəyə kreativ yanaşmalarını formalaşdırır. 

“Miniboss Business School” 6 yaşdan 15 yaşa qədər uşaq və yeniyetmələr rus və ingilis dilində dərslər ala bilərlər. Dərslər həftədə iki dəfə keçirilir. Hər ilin aprel ayında startap biznes forumu keçirilir və uşaqlar burada öz ideyalarını prezentasiya şəklində nümayiş etdirirlər”.

Münsiflər heyətində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Teyba Quliyeva, sahibkar və Azərbaycanda bir necə iri layihələrin rəhbəri Turan Özbahceci, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiyasının (AQİSA) İdarə Heyətinin sədri Emin Dostiyari, “Ekvita Consulting” MMC-nin direktoru İlqar Mehti, sahibkar Tatyana Mikayılova, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev yer alıb.

0