"Asan İmza" sertifikatının sahibləri onların müddətini SMS göndərməklə avtomatik olaraq uzada biləcəklər.
"APA-Economics"in əldə etdiyi məlumata əsasən, hazırda bunun üzərində işlər aparılır və yaxın zamanda bu xidmət istifadəçilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, "Asan İmza" sertifikatının sahibləri vergi ödəyicisinin vahid e-taxes.gov.az İnternet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada onların müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə bilirlər. Sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkündür və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada bilir.
Prosedura uyğun olaraq sertifikatın müddəti üç ildən bir uzadılmalıdır. İstifadəçi nömrənin dublikatını almaq üçün müştəri xidmətinə yaxınlaşmalıdır. Bu prosedur bütün mobil operatorlar üçün eynidir. Texniki olaraq "Asan İmza" sertifikatının müddəti mobil operatorlar tərəfindən SMS, mobil əlavə və ya müxtəlif texniki vasitələr üzərindən uzadıla bilər.