İşədüzəltmə agentlikləri, 5 manat verib CV hazırlatdırmaq, tanış-bilişə iş üçün müraciət etmək, “yaxşı iş olsa mənə deyərsən” tipli tapşırıqlar – artıq o vaxtlar geridə qalır. İndi texnologiyanın inkişafı ilə işaxtaranlar vakant işləri onlayn axtarış platformalarında tapa bilirlər. Bu araşdırmada “Azərbaycanda ən yaxşı iş elanları saytı hansılardır?” mövzusuna baxacağıq.
Qeyd edək ki, araşdırmada 2 tərəf nəzərdə tutulur:
- HR, rekruter, şirkətin rəhbəri – işəgötürən
- Işsiz, daha yaxşı iş axtaran, əmək bazarını araşdırmaq istəyən – işaxtaran tərəf.
Biz ən yaxşı iş saytlarını seçəndə həm işəgötürən, həm də işaxtaran üçün uyğun olmasını diqqətə almalıyıq.
Əvvəldən razılaşaq ki, söhbət yerli saytlardan gedir. Linkedin, hh.ru və s. qlobal platformaları buraya aid etmirik.
Həmçinin, məqsədimiz ən yaxşısını seçməkdir (ən çox adam girən, ən çox izləyicisi olan, ən premium yox).
Müqayisəni necə aparaq?
Vakansiya saytlarını müqayisə etmək üçün bəzi parametrləri seçdim.
- Aktual gündəlik vakansiya paylaşımı – hər gün (daha doğrusu iş günlərində) heç olmasa 15-20 yeni vakansiya olmalıdır. Tanınmış şirkətlərin, bankların, holdinqlərin vakansiyası mütəmadi olaraq qoyulmalıdır.
- Şəhər və rayonlar üzrə kataloq – Qubada iş axtaran adam girib saytda onlarla, yüzlərlə elanı oxumaq məcburiyyətində olmamalıdır. Hər rayon, şəhər, region üçün ayrıca filtr və xüsusi səhifə olmalıdır. Maraqlıdır ki, ən çox ziyarət edilən jobsearch.az saytında bu sadə funksiya yoxdur.
- İxtisaslar üzrə bölgü – marketoloq, auditor, ofisiant – əslində, hər bir ixtisasın özünün ayrıca səhifəsi olmalıdır ki, müvafiq vakansiyaları axtaranda üzə çıxsın. Yerli saytların yalnız bir neçəsində bu mövcuddur.
- İxtisas kateqoriyaları üzrə bölgü – kataloq bütün saytlarda var, bu sahədə elə də ciddi problem yoxdur.
- Şirkət haqqında məlumat – şirkət haqda qısa məlumatı, onun ünvanını, sosial media hesablarını əlavə etmək imkanı varmı?
- İşəgötürənin ayrıca paneli – insan resurslarında işləyən mütəxəssis hər dəfə sayta e-mail yazmalıdır yoxsa öz panelində istədiyi formada hər şeyi idarə edə bilər?
- Video və ya foto yerləşdirmək imkanı – əksər saytlarda bu yoxdur. Əslində isə, HR menecer çalışmalıdır ki, iş elanının içində şirkət haqda, qoyulan vakansiya haqda vizual məlumat yerləşdirmək mümkün olsun.
- Vakansiya Içində mətnin tərtibatı (bold, italic, HTML, list items və s.) – yəqin ki, çoxlarınız görmüsünüz, boss.az saytında mətnin tərtibatı pisdir. Bir adamın keçmiş iş təcrübəsini oxuyana qədər adamın gözü qaralır.
Vəzifələr, öhdəliklər, əlaqə məlumatları və s. vizual olaraq aydın seçilməldiir. Son zamanlarda saytların dizaynı normallaşdığına görə indi bu problem aradan qalxır. - Zəng və görüntü statistikası – hər vakansiyanı neçə nəfər gördü, neçə nəfər “müraciət et” düyməsinə tıkladı və s.?
- Rahat filtrasiya
- Filtrasiya olmadan axtarış – ölkədə yalnız bir saytda, busy.az saytında kataloq deyil, axtarış mühərriki məntiqi ilə intuitiv yaxşı axtarış sistemi var. Smartjob və browser.az saytında da search engine məntiqi var, amma əla səviyyədə deyil.
- Məqalələr – karyera qurmaq, müsahibəyə hazırlaşmaq, iş dünyasının incəlikləri haqda məqalələr də əslində bir karyera saytının ayrılmaz tərkib hissəsi olmaldır. Yerli yeni saytların əksəriyyətində BLOQ bölməsində məqalələr yerləşdirilir. Amma köhnə saytlarda (jobsearch.az, boss.az, ejob.az) məqalələr yoxdur.
- İşaxtaranın ayrıca paneli – gözaltı etdiyim vakansiyalara baxmaq, əvvəl etdiyim müraciətləri görmək, özümə onlayn CV düzəltmək üçün işaxtaranın ayrıca paneli olmalıdır. Hellojob.az saytının CV hazırlamaq üçün olan hissəsi başqalarından daha yaxşı yaradılıb.
- Sosial media hesabları – Linkedin, İnstagram, Facebook və s.
- Telegram – etiraf edək ki, messencerlər həyatımızın ayrılmaz parçasına çevrilib. WhatsApp yaxud Telegram vasitəsilə yeni vakansiyalar haqda məlumat almaq bizə daha rahatdır nəinki sayta hər gün girmək. Demək olar ki, bütün iş saytlarının Telegram-da kanalı var. Amma unikal Telegram bot isə yalnız bir saytda var (busy.az).
Aparılan analizin nəticəsini ümumi cədvəl şəklində aşağıda görə bilərsiniz:
Müqayisəli cədvələ tam olaraq burada baxa bilərsiniz.
İş elanları saytları üçün reytinq
1. Busy.az
Busy.az saytının reytinqdə birinci yerə çıxması təəccüblü deyil:
- Saytda axtarış çox yaxşı işləyir: şirkət, ixtisas, bacarıq üzrə sürətli search funksiyası var.
- Vakansiya arxivində 100.000-ə yaxın iş elanı (ölkədə ən böyük arxiv) var. Bir şirkətin 5-6 il əvvəl qoyduğu vakansiyaları belə tapmaq mümkündür
- İnterfeysi sadədir, anlaşıqlıdır və iş axtaranlar üçün rahatdır
- Karyera və insan resursları haqda ən çox məqalə də buradadır
- Ən böyük üstünlük işaxtarma üçün Telegram botu funksiyasıdır
Əsas minus (mənfi cəhəti) odur ki, vakansiyaya baxış və müraciət statistikası yoxdur. Başqa kriteriyalarda isə bütün digər saytları üstələyir.
2. Hellojob.az
Hellojob.az, iş axtaran və işverənləri bir araya gətirən bir platformadır. Saytda geniş iş elanları, şirkətlər haqqında məlumatlar, interaktiv alətlər mövcuddur. İş axtaranlar sayt üzərindən CV-lərini göndərərək və ya elanlara müraciət edərək uyğun işi tapa bilərlər. İşverənlər isə vakansiyalarını saytda yerləşdirərək geniş bir iş axtaran kütləsinə çatmaq imkanı əldə edirlər.
Statistik göstəricilərinə görə ölkədə 2-ci ən çox girilən saytdır.
Bu sayt xüsusilə də dizaynına görə rahatdır.
3. Smartjob.az
Yeni olmasına baxmayaraq Azərbaycanda fəal olan iş axtarış saytlarından biridir. Sayt iş axtaranlar üçün müxtəlif sahələrdə iş imkanlarını təklif edir.
Elə bir qeyri-adi özəlliyi yoxdur, amma bir vakansiya saytı üçün lazım olacaq şeylərin çoxu yaxşı səviyyədə tətbiq olunub.
4. Browser.az
Browser.az saytının dizaynı heç yaxşı deyil, rənglər içində adam itib-batır. Amma etiraf etmək lazımdır ki, saytın strukturu yaxşıdır. Hər ixtisasın, şəhərin, kateqoriyanın və s. ayrıca səhifəsi var.
5. Jobsearch.az
“Jobsearch.az” Azərbaycanın ən ilk iş elanı saytlarından biridir. 2005-ci ildən fəaliyyət göstərən sayt, Azərbaycan ərazisində müxtəlif sahələrdə iş axtaranların və vakant yerlər tələb edən şirkətlərin olduğu bir platformadır. Hazırda ən çox traffiki olan, ən çox adamın girdiyi sayt ölkədə birincidir. Vakansiyaları yerləşdirmək ödənişlidir.
- ən çox ziyarət olunandır
- tanınmış şirkətlər əksər hallarda vakansiyanı burada yerləşdirir.
- əvvəlki bərbad dizayndan əl çəkərək, indi minimalist, müasir dizaynda sayt hazırlayıblar.
- De-fakto olaraq ölkədə lider sayt olsalar da, funksionalı çox zəifdir. Maaş filtri rahat deyil, ixtisas üzrə axtarış yoxdur, hər xırrda şeyi düzəltmək üçün sayta e-mail yazmaq lazımdır və s.
Offer.az
Azərbaycanda ən çox ziyarət edilən iş axtarış saytlarından biridir. Saytın vakansiya bazası genişdir və istifadəçilər üçün hər zaman güncəl məlumatlar təqdim edilir. Sürətinə görə seçilir, mobil telefonda ən tez açılan saytdır.
Ejob.az
Köhnə interfeysi olan bu saytın aktiv vakansiyalarının sayı da digərlərinə nisbətən azdır. Loqoları iyrəncdir, sayt özündə etibarlı imic yaratmır.
Boss.az
Layihə fəaliyyətinə 2008-ci ildə başlayıb və hal-hazırda geniş vakansiya saytlarından biridir. Saytın interfeysi sadə, daha doğrusu primitivdir. Filtrləmə imkanları zəifdir, amma illər öncə ölkədə ən populyar vakansiya saytlarından biri idi. Əsasən aşağı maaşlı işlər burada nəşr olunur.
Vakansiya.az
Əsas məqsədi şirkətlər və iş axtaranlar arasında bir bağlantı yaratmaq olan Vakansiya.az saytının yaxşı adı olsa da, dizayn və funksional baxımından geri qalır.
Position.az
Position.az – daha bir köhnəsayağı, funksionalına və tanıtımına görə ortabab bir iş elanı saytdır.
Hrin.co
Yeni açılmış HRin.co bir sıra yenilikləri özündə cəmləşdirən iş elanı platformasıdır. Daha çox sosial mediada reklam olunur, saytın özünün ayrıca loyal kütləsi yoxdur.
Xülasə
Azərbaycanda iş elanı saytları arasında ən yaxşısını seçmək əslində çətin görünə bilər. Amma analizimizin köməyilə ən populyar olan və ən geniş funksionala malik vakansiya saytlarını düzgün kriteriyalar ilə seçmək mümkündür.
Əslində jobsearch.az funksionalına, imkanlarına görə digər saytlardan xeyli geri qalır. Amma populyar olduğuna, insanların yadında hələ də qaldığına görə sıralamanı aşağıdakı kimi etməyi daha düzgün hesab edirəm. Beləliklə, top 3 iş elanı saytı:
- Busy.az
- Hellojob.az
- Jobsearch.az
İş axtarmaq istəyən, daha yaxşı maaşlı vakansiyalara üz tutmaq istəyən şəxslər bu 3 sayta baxsalar onlara tam kifayət edər.
Müəllif: Aysel Soltanova, İKT sahəsində araşdırmaçı-ekspert