“Google” mühəndisi Den Reva “macOS” üçün “Telegram”da sahibinin xəbəri olmadan kamera və mikrofonu aktivləşdirən təhlükəli boşluq aşkar edib.
Bu boşluq hakerə “Telegram”ın içində zərərli proqram olan dinamik kitabxana (“Dylib”) yerləşdirməyə imkan verir. Beləliklə, haker kameradan video yaza və qeydi gizli qovluqda saxlaya bilir.
Bildirilir ki, mesencerin “Apple”ın “Hardened Runtime” və “Entitlements” adlanan daxili təhlükəsizlik mexanizmlərindən istifadə etməməsi belə təhlükəsizlik probleminə səbəb olub.
Xatırladaq ki, mayın əvvəlində “Twitter” istifadəçisi “Android” əməliyyat sistemində “WhatsApp”ın mikrofonu işə salması və onu arxa fonda dinləməsi barədə paylaşım edib. Məsələni araşdıran “Google” problemin mövcudluğunu etiraf edib.
oxu.az