Süni intellekt insan əməyini sıradan çıxara bilərmi?

TEXNO
23:59 / 06.03.2024
1674

Müasir dövrümüzdə artıq insanabənzər robotlar da hazırlanır. Mütəxəssislərə görə, Sofiya, Ameka və Ai-Da kimi məşhur robotlar dünyanı insanlardan daha yaxşı idarə edə biləcəklər. Bu baxımdan yaxın gələcəkdə süni zəkanın inkişafı ilə robotlar bir çox sahələrdə insan əməyini əvəz edə bilər. Hətta xəstəlikləri müalicə etmək üçün insan bədənində gəzə bilən sürünənlərə bənzər robot da icad olunub.  

Maraqlıdır ki, süni intellekt insan əməyini sıradan çıxara bilərmi?

Texnobloger Tariyel Ağazadə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, süni zəka güclü ola bilər. Lakin unutmaq olmaz ki, bu zəkanı da insanlar tərtib edir.

Onun sözlərinə görə, hazırkı dövrdə robotlardan bir çox sahələrdə istifadə olunur. Əsasən də texnoloji cihazların, avtomobillərin, qida məhsullarının hazırlanmasında robotlardan istifadə olunur:

"Bu gün süni zəka məsələsi beynəlxalq aləmdə çox trenddir. Artıq şirkətlərin 99 faizi süni zəka əsasında məhsullar tərtib edirlər. Bu məhsulların böyük qismi robotlar və texnoloji avadanlıqlardan ibarətdir. Süni zəka bəzi insanlardan daha ağıllı ola bilər, amma əsas xüsusiyyətləri özündə birləşdirmir. Hansı ki, buna intuisiya və insana xas olan xüsusiyyətləri aid etmək olar. Robotların dünya sakini olmasına gəlincə, onlar müxtəlif sahələrdə insanlara daha geniş xidmət göstərə bilərlər. Buraya dövlət orqanları, xəstəxanalarda əməliyyat zamanı robotlardan istifadə daxil ola bilər". 

Tibbi ekspert Rasif Bağırov isə İqtisadiyyat.az-a açıqlamasında süni intellektin səhiyyə sahəsindəki roluna toxunub.

Onun sözlərinə görə, səhiyyə sahəsində süni intellektin insan beynini əvəz edə bilməsi üçün uzun zamana ehtiyac ola bilər: "Dünyanın müxtəlif ölkələrində süni intellekt vasitəsilə nələrsə əldə etmək və insan əməyini bir daha yüngülləşdirmək istiqamətində bir sıra addımlar atılır. Lakin həmin robotların istehsalı riyazi hesablamalar nəticəsində baş verir. Riyaziyyat isə dəqiq elmdir. Tikinti, texnologiya və hesablamalar tələb olunan bütün sahələrdə riyaziyyatın rolu böyükdür. Səhiyyə kimi humanitar sahələrdə süni intellektdən istifadə oluna bilər. Sadəcə olaraq Maqnit Rezonans Tomoqrafiya (MRT) və bəzi texniki vasitələr insan bədənində müəyyən hesablamalar aparsa da, son qərarı həkim verir. Bu baxımdan insan beynini əvəz edən robotların istehsalı uzaq gələcəkdə mümkün ola bilər, amma indiki halda real görünmür".

0