"İnternetin sürətinin zəifləməsinin bir neçə səbəbi var".
Bu sözləri "Tedroid Media Group"un həmtəsisçisi Tariyel Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, internetin sürəti birbaşa mənbədən asılı olaraq dəyişə bilər:
"Həmçinin, internet provayderlərində yaranan problemlər də sürətə təsir göstərir. Ümumrespublikada yaşanan internet problemi isə adətən qısa zamanda həll olunur. Hətta bu, ciddi bir problemə də çevrilmir.
Amma hansısa provayderlərdə müəyyən problemlər yaşana bilir. Əgər sizin istifadə etdiyiniz internet xidməti bir neçə abunəçidə də zəifdirsə provayderə müraciət etməlisiniz. Bununla bağlı da profilaktik işlər görülməlidir. Əgər problem sizdədirsə, provayderdən texniki dəstək almalısınız".
Həmsöhbətimiz internetin sürətini artırmaq üçün hansı addımları atmalı olduğumuzdan da bəhs edib:
"İlk növbədə modemi yoxlatdırmaq lazımdır. Adətən Azərbaycanda daha çox "TP-Link" modelinə aid köhnə tip modemlər istifadə olunur. Onlar isə artıq yavaş-yavaş sıradan çıxır. Ona görə də daha müasir, yeni, uzun məsafəli və güclü interneti təqdim edən bilən modemlərdən istifadə olunması tövsiyə olunur".
Tariyel Ağazadə diqqətə çatdırıb ki, bəzi provayderlər müştərilərinə qeyd olunandan daha aşağı sürətlə internet verirlər:
"Təəssüf ki, bəzən provayderlər bizə vəd etdikləri sürəti vermirlər. Beləliklə, bizi aldatmış olurlar. Ona görə də provayderin verdiyi sürəti dəqiq yoxlamaq lazımdır. Həmçinin, qonşuların və ya başqa şəxslərin sizin internetə qoşulub-qoşulmadığını yoxlayın. Bunu admin panelinizdən də idarə edə bilərsiniz. Bütün bunlar internetin sürətini artırmağa dəstək ola bilər".
Pərviz