İkinci əl avtomobil alanlar nələrə diqqət etməlidirlər?

TEXNO
22:24 / 20.03.2024
2325
Mart ayı Azərbaycanda ikinci əl avtomobil bazarının durğunluğunun son aylarındandır. Artıq aprel ayından başlayaraq ikinci əl avtomobil bazarında canlanma başlayır və bu canlanma may ayında özünü daha çox büruzə verir. İkinci əl avtomobil bazarında canlanmanın başlaması özü ilə bərabər bu sahədə olan problemləri də qabardır. Digər zamanlarda daha az rast qarşılanan problemlərə bu dövrdə tez-tez rast gəlinir.
 
Belə problemlərlə qarşılaşmamaları üçün AZƏRTAC bir neçə vacib məqamı ikinci əl avtomobil almaq fikrində olan oxucuların diqqətinə çatdırır.
 
İkinci əl avtomobil sahiblərinin ən çox qarşılaşdıqları problemlər
 
Bakı sakini Ləman Rəcəbova ikinci əl avtomobil alandan sonra ortaya çıxan problemlərə görə təxminən ümumilikdə 3000 manat əlavə pul sərf etməli olub və sonunda avtomobilini satıb.
 
"Ötən ilin fevralında maşın bazarından ikinci əl "Hyundai Matrix” avtomobili aldıq. Təbii ki, avtomobili satan adam maşının hər bir hissəsinin yerində olduğunu və heç bir problemin olmadığını dedi. Sonra valideynim avtomobili yoxlanışa apardı. Yoxlanışda da avtomobilin heç bir problemi olmadığı görünürdü. Bir müddət sonra avtomobil sürüldükcə problemlər özünü büruzə verməyə başladı. Maşını fevral ayında alıb, avqust ayında satdıq. Fevral-avqust aralığında avtomobilin satılması üçün valideynim çox get-gəldə oldu. Ümumilikdə avtomobilə 17-18 min manat xərc çəkməyimizə baxmayaraq, 12 minə güclə sata bildik. Nəticə etibarilə 6-7 ay sürülmüş avtomobilə çəkilən xərc və qoyulan məbləğ bizi xeyli ziyana saldı. Qısa zamanda bizə həm maddi ziyan dəydi, həm də avtomobil bizi dəfələrlə yarı yolda qoydu”, - deyə L.Rəcəbova bildirir.
 
Avtomobil alarkən problemlə qarşılaşmış digər vətəndaş Dəxil Qasımov isə bildirib ki, ikinci əl avtomobil alanda bəzi səbəblərdən maşını vaxtında öz adına keçirə bilməyib. O, dənizdə işlədiyi üçün proses ləngiyib. Sonra isə avtomobilin əvvəlki sahibinə hər dəfə avtomobili öz adına qeydiyyata alması üçün etibarnamə verməsini söyləsə də avtomobilin əvvəlki sahibi müxtəlif bəhanələr deməyə başlayıb.
 
"2-3 ay sonra birtəhər maşının əvvəlki sahibini tapıb etibarnamə alaraq avtomobili öz adıma keçirtdim. Mən ikinci əl maşın almaq istəyənlərə tövsiyə edərdim ki, avtomobili dərhal öz adlarına keçirsinlər. Çünki qeydiyyat məsələsi bir müddətdən sonra xeyli mürəkkəbləşir”, - deyə şikayətçi bildirir.
 
Usta məsləhəti
 
İkinci əl avtomobil alarkən diqqət edilməli məqamları AZƏRTAC-a avtomobil ustası İlkin İsgəndərov açıqlayıb. Onun sözlərinə görə, ikinci əl avtomobil alarkən ilk yürüyüş məsafəsinə baxmaq lazımdır. Ustanın sözlərinə görə, avtomobilin bütün texniki nasazlıqlarını yalnız kompüter yoxlanışından keçirməklə, yəni diaqnostika etdirərək tam dəqiq bilmək olmur. Bunun üçün avtomobilin ümumi texniki xüsusiyyətlərini bilmək və onun işləmə prinsipinə bələd olmaq lazımdır.
 
Dizel və benzin mühərrikin fərqi
 
İ.İsgəndərov bildirib ki, dizel mühərrikli avtomobil ilə benzin mühərrikli avtomobil çox fərqlidir. Dizel motorlar sıxılma-partlama ilə, benzin mühərriklər isə alışma-yanma ilə işləyir. Benzin mühərrik və dizel mühərrikin problemləri də fərqli olur. Hazırkı dizel avtomobillərin "partekul filterləri” (DPF) tez-tez dolur və avtomobilin hərəkətində müəyyən problemlər yaradır.
 
"Məsələn, avtomobilin sürət yığmağı ləng baş verir, əgər turbosu varsa, bu da mühərrikin və turbonun ömrünü qısaldır. "Partekul filterini” yuyub təmizləmək üçün hazırda müasir texnologiyalara əsaslanan aparatlar var. Dizel mühərrikli avtomobil sürən sürücülərə tövsiyə edərdim ki, mütəmadi olaraq ötürücü qutusunun dövriyyəsini 3000-4000-ə qədər artıraraq sürsünlər. Bu proses avtomobilin "partekul filterini” təmizləyir ki, bu da motorun ömrünü uzadır”, - deyə usta bildirib.
 
Mühərrik yağının əhəmiyyəti
 
İlkin İsgəndərovun sözlərinə görə, ikinci əl avtomobil aldıqda onu servisdə ümumi yoxlanışdan keçirmək olur. Bu zaman avtomobilin təkərlərindən tutmuş şüşəsilənin suyuna qədər hər bir detalı ayrıca yoxlamaq lazımdır. Sürətlər qutusunun yağı, mühərrik yağının keyfiyyəti, mostun yağı, həmçinin avtomobilin əyləc sistemi yoxlanılmalıdır. Əgər əyləc mayesi köhnədirsə, sürətlər qutusu da daxil olmaqla mütləq dəyişilməlidir. Usta qeyd edir ki, avtomobilin mühərrik yağı nə qədər keyfiyyətli olarsa, yürüş məsafəsi də çox olur.
 
"Məsələn, normalda avtomobil mühərrikinin yağı 5000 kilometr sonra dəyişilməlidirsə keyfiyyətli yağda bu, 2000-3000 km artıq olur. Mühərrikin yağı nə qədər yaxşı olarsa, seplə işləyən mühərriklərin sep sistemində aşınmalar, sepdə uzanmalar olmur. Eləcə də mühərrikin valı, bloku, porşenləri aşınmır. Qeyd etmək lazımdır ki, yağlar bir neçə növə ayrılır: mineral, yarı mineral, yarı sintetik və tam sintetik. Yeni nəsil avtomobillərin əksəriyyəti tam sintetik yağla işləyir. Avtomobil idarə edən bütün sürücülər mühərrikin dizel və ya benzin olmasından asılı olmayaraq, keyfiyyətli yağlardan istifadə etməlidirlər. Tam dəqiq desək, avtomobil yağı avtomobilə qulluğun əsas elementlərindəndir. Yağ nə qədər keyfiyyətli olarsa avtomobilin qət etdiyi kilometr o qədər çox olur, mühərrikin daxili təmiz qalır və yeyinti olmur. Bu da mühərrikin ömrünü uzadır.
 
Digər məsələ, benzin mühərriklərdə alışdırma şamlarının mütəmadi olaraq dəyişilməsidir. Bunun avtomobilin "çəkiminə” böyük təsiri var. Məsələn, hər hansısa bir şam işləmədikdə avtomobilin dövriyyəsində problemlər yaranır, "çəkim” zəifləyir. Bu detalları da 35-40 min kilometrdən bir dəyişmək məsləhətdir. O cümlədən əyləc sistemindən əyləc yataqlarına mütləq baxılmalıdır. Əgər çox yeyinti varsa, onun da dəyişdirilməsi çox vacibdir”, - deyə avtomobil ustası əlavə edib.
 
Digər diqqət edilməli məqamlar
 
İlkin İsgəndərov onu da vurğulayır ki, ikinci əl avtomobil alarkən təkərlərin vəziyyəti, işıq sistemləri, avtomobilin istilik sistemi və ümumi elektrik naqillərinin hər biri yoxlanılmalıdır. Əgər naqillərin hansısa qırıqdırsa, yaxud izolyasiya qopubsa, bunun nəticəsində avtomobildə alışma baş verə bilər.
 
"Bunlarla yanaşı, qoruyucu ştepsellər yoxlanılmalıdır. Mühərrik turbodursa, mütləq yoxlanışdan keçməlidir. Atmosferik mühərriklərdə isə yoxlanışa ehtiyac yoxdur. Həmçinin su pompası, termostat və benzini mühərrikə ötürən benzin-nasos filteri yoxlanılmalıdır. İkinci əl avtomobil alıcıları bütün bu deyilənlərə riayət etsələr, problem yaranmaz”, - deyə İ.İsgəndərov fikirlərini yekunlaşdırır.
 
Ekspert rəyi
 
Mövcud şikayətlərlə bağlı nəqliyyat eksperti Aslan Əsədov isə AZƏRTAC-a açıqlamasında bildirib ki, ikinci əl avtomobili alarkən həmişə ehtiyatlı olmaq lazımdır. Avtomobilin servis xidməti varsa, mütləq avtomobili öz servis xidmətinə göstərmək lazımdır.
 
Nəqliyyat ekspertinin sözlərinə görə, avtomobilin problemləri haqqında servis xidmətində ustadan məlumat əldə etmək vacibdir. Əgər servis xidməti yoxdursa, tanınan, işini bilən ustadan bu haqda məsləhətlər almaq olar: "Yəni avtomobilin diaqnostikası çox vacib məsələdir. Əgər kimsə avtomobili diaqnostika etdirmədən alarsa, əlbəttə ki, bu, bir çox problemlərə yol açacaq”.
 
Avtomobili öz adına keçirməklə bağlı isə ekspert bildirib ki, nəqliyyat vasitəsini vaxtında ada keçirməklə bağlı kifayət qədər maarifləndirmə işləri aparılır. Lakin yenə də vətəndaşlar bu məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar.
 
"Etibarnamənin heç bir hüquqi əsası yoxdur. O sadəcə icazə talonudur. İstənilən halda notariat ofislərinə, məhkəməyə yaxınlaşıb etibarnaməni ləğv etmək olar. Yəni etibarnamənin ləğv prosesi çox asandır. Buna görə də ikinci əl avtomobil alanlar onu mütləq vaxtında adlarına keçirsinlər. Bu, sonralar problemlərlə üzləşməmək üçün çox vacibdir. Avtomobili addan-ada keçirdən zaman Dövlət Yol Polisində (DYP) nasazlıqlar dərhal üzə çıxır. O zaman nəyisə ört-basdır etmək və gecikdirmək olmur. Buna görə də, bu kimi amilləri əvvəlcədən nəzərə almaq lazımdır”, - deyə A. Əsədov əlavə edib.
 
0