"Başqa ölkələrə nisbətən Azərbaycanda "Youtube" platformasındakı aktivliyin son illərdə daha da artdığı müşahidə olunur".
Bu sözləri İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu səbəbdən də "Youtube Premium" xidməti uzun illər idi ölkəmiz üçün açıq deyildi:
"Lakin ölkəmizdə "Youtube" platformasına marağın artması və onun üzərindən verilən reklamların çoxalmasından sonra Azərbaycanda da "Youtube Premium" açıldı.
Son dövrlər ölkəmizdə qısa filmlər, sənədli film, podkastlar, musiqi kanalları, "Youtube" televiziyası və digər növ fəaliyyətlərin çoxaldığını görə bilərik".
Lakin mütəxəssis qeyd edib ki, "Youtube"da hazırlanan məzmunların dil faktoru çox əhəmiyyətlidir:
"Onda məsələnin rəngi də dəyişir. Məsələn, türk dilində olan məzmunun dinlənilmə potensialı 80 milyon olduğu halda, Azərbaycan dilində olan məzmunların dinlənilmə potensialı 10 milyondur. İngilis dilində olan məzmuna isə daha çox insan baxır".
O diqqətə çatdırıb ki, paylaşılan məzmunun dilində danışan insan nə qədər çox olursa, həmin məzmuna qulaq asanların da sayı bir o qədər çox olur:
"Ona görə də "Youtube"da pul qazanmaq istəyən blogerlər, dil faktorunu əsas tutur. Hətta eyni kanalın müxtəlif dil versiyalarını yaradaraq məzmunu tərcümə edib, çoxaldan, pul qazanan məhşur "Youtube" blogerləri də az deyil.
Ona görə də bəzi blogerlər dünyada ən çox danışılan dili seçirlər. Məncə, hazırda olan əhali sayına uyğun sayda yutuberlər var. Amma "Youtube"dan pul qazanmaq artdıqca, blogerlərin sayının da çoxalacağı düşünürəm".
Pərviz