"Telefon asılılığı dünyanın ən aktual mövzularından biridir. İnsanların telefondan nəzarətsiz istifadəsi günün sonunda nə qədər vaxt sərf etdiklərini anlamamalarına səbəb olur".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sosial şəbəkələr, oyunlar və mesajlaşmalar kimi müxtəlif səbəblər telefonla çox vaxt keçirməyimizə səbəb olur:
"Telefon asılılığı bəzən emosional boşluq, bəzən sosial təzyiq, bəzən də stressdən də qaynaqlana bilir. Ancaq səbəbindən asılı olmayaraq, bununla mübarizə aparmaq üçün müəyyən addımlar atmaq mümkündür".
Psixoloq həmin addımları da sıralayıb:
"Ümumiyyətlə, telefonu əlimizə aldıqda bir məqsəd olmadan zaman keçirdiyimizin fərqinə varmaq lazımdır. İlk addım kimi mobil telefondan istifadəyə gündəlik məhdudiyyətlər təyin etmək lazımdır.
Yəni telefon istifadəsi üçün özünüzə maksimum vaxt limiti qoymalısınız. Bir çox telefonda bu limitləri tətbiqlərə görə ayırmaq da mümkündür. Bu effektiv üsul sayəsində özünüzə müəyyən nizam-intizam gətirə bilərsiniz.
Həmçinin, telefonla keçirdiyiniz zamanın əvəzinə alternativ məşğuliyyətlər də tapmaq olar. Boş vaxtlarımızda telefonu əvəzləyən fəaliyyətlərlə məşğul olmaq lazımdır. Məsələn, kitab oxumaq, idmanla məşğul olmaq və başqa hobbilər tapmaq olar. Bütün bunlar isə telefon asılılığı aradan qaldırmağa kömək edir. Düşünürəm ki, telefonu əlinizə almağa ehtiyac duyduğunuzda əvəzinə bu fəaliyyətlərdən birinə yönəlmək yaxşı seçim olacaq".
Həmsöhbətimiz qeyd edib ki, bildirişlər də insanda tez-tez telefona baxma ehtiyacı formalaşdırır:
"Ona görə də sosial şəbəkə, oyun və ya işlə əlaqəsi olmayan tətbiqlərin bildirişlərini söndürmək lazımdır. Bu, telefona daha az baxmağınıza səbəb olacaq. Bundan başqa, telefondan istifadə üçün özünüzə müəyyən limitlər təyin edə bilərsiniz. Məsələn, hər həftə telefondan istifadəni 10-15 dəqiqə azaltmaqla başlaya bilərsiniz. Beləcə, kiçik və realistik hədəflər qoyaraq bunu daha da irəliyə aparmaq olar".
Ülviyyə İlqarın sözlərinə görə, telefonu həmişə əlçatan yerdə saxlamaq onu tez-tez yoxlamağımıza səbəb olur:
"Buna görə də telefondan istifadəni azaltmaq üçün onu əl çatmayan, özünüzdən uzaq yerə qoymaq lazımdır. Telefonu uzaqda saxlamaq bu asılılığı azaltmağa kömək edəcək.
Ümumiyyətlə, telefon asılılığını azaltmaq üçün səbrli və planlı olmaq vacibdir. Bunun üçün kiçik məqsədlər də müəyyən etmək olar. Çünki bu, sizin motivasiyanızı artıracaq. Bütün bunlara rəğmən, yenə də bu asılılıqdan xilas olmaqda çətinlik çəksəniz, psixoloqdan yardım ala bilərsiniz.
Əslində, əzarəti əlimizdə saxlamaqla telefon həyatımızda balanslı rol oynaya bilər. Telefon asılılığından xilas olmaq isə real dünyada daha dəyərli vaxt keçirməyimizə səbəb olar".
Pərviz