ABŞ-da "TikTok"un apelyasiya şikayəti rədd edildi - Satılsın!

TEXNO
13:15 / 07.12.2024
200

ABŞ-da federal məhkəmə tərəfindən Çin mənşəli sosial media platforması "TikTok"un amerikalı istifadəçilərin məlumatlarını topladığı iddiası ilə mart ayında qəbul edilmiş qadağa qanunundan sonra "TikTok" apelyasiya məhkəməsinə müraciət edib.

Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, "TikTok" apelyasiya məhkəməsində "TikTok"un qadağan olunmasının Amerika Konstitusiyasının 1-ci maddəsindəki söz azadlığına və ABŞ-ın "açıq internet" siyasətinə zidd olduğu ilə bağlı iddia qaldırıb.

Üç hakimdən ibarət apelyasiya məhkəməsi heyəti, "TikTok"un satılmasını və ya istifadəsinin dayandırılmasını nəzərdə tutan qanunun lehinə səs verib və "TikTok"un iddiasını rədd edərək bildirib:  

“Burada hökumət, söz azadlığını düşmən bir xarici ölkədən qorumaq və həmin düşmənin ABŞ-dakı insanlar haqqında məlumat toplama imkanlarını məhdudlaşdırmaq üçün addım atıb. Bu səbəbdən müraciət rədd edilir.”

Qərarda, qanunun 19 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcəyinə və bu müddətə qədər "TikTok"un satılmasının vacibliyinə diqqət çəkilib. Əks halda, tətbiqin ABŞ-da istifadəsinin mümkün olmayacağı vurğulanıb. Həmçinin qeyd edilib ki, satış prosesi ilə bağlı irəliləyişlərə əsasən, prezident Co Bayden (Joe Biden) qadağanın 90 gün müddətinə uzadılmasına icazə verə bilər.

ABŞ-da "TikTok" mübahisəsi

ABŞ hökuməti ötən il "TikTok"u amerikalı istifadəçilərin məlumatlarını Çin hökuməti üçün əlçatan etməkdə ittiham edərək, ya ABŞ şirkətinə satılmasını, ya da qadağan olunmasını nəzərdə tutan addım atmışdı. Bu çərçivədə mart ayında Konqresdən keçən qanun layihəsi prezident Co Bayden tərəfindən imzalanmışdı.

Bayden administrasiyası "TikTok"a, 19 yanvar 2025-ci ilə qədər Çinli "ByteDance" ilə bütün əlaqələrini kəsmək üçün müddət vermiş, əks təqdirdə şirkətin ABŞ-da qadağan ediləcəyini bildirmişdi.

170 milyon istifadəçisi olan "TikTok" isə bu qanunun Amerika Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ABŞ-ın "açıq internet" siyasətinə zidd olduğunu əsas gətirərək, ləğv olunması üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.

Eyni zamanda, "TikTok" müraciətində ABŞ hökuməti tərəfindən müəyyən edilmiş müddətin çox qısa olduğunu, bu müddət ərzində "ByteDance" ilə əlaqələrinin kəsilməsinin texniki və praktik baxımdan mümkün olmadığını bildirmişdi.

0