"Google" Avropa İttifaqının yeni qanununun tələb etməsinə baxmayaraq, axtarış nəticələrinə və "YouTube" videolarına fakt yoxlamaları əlavə etməkdən imtina edib.
HİT.az "Axios"a istinadən xəbər verir ki, bu barədə şirkət Avropa rəsmilərinə məktub göndərib.
Qeyd edilir ki, "Google" heç vaxt fakt yoxlamasını məzmunun moderasiyası təcrübələrinə daxil etməyib və bu siyasəti dəyişmək niyyətində deyil. "Google"un qlobal prezidenti Kent Uolker Avropa Komissiyasının Baş Direktorunun Şəbəkə, Məzmun və Texnologiyalar üzrə müavini Renate Nikolaya yazdığı məktubda dezinformasiya ilə mübarizə üçün Komissiyanın yeni Təcrübə Kodeksi tərəfindən tələb olunan fakt-chekinq inteqrasiyasının şirkət üçün uyğun və effektiv olmadığını bildirib.
Uolker vurğulayıb ki, "Google" belə bir sistemi tətbiq etmək öhdəliyi götürməyəcək. Eyni zamanda, Avropa İttifaqı qanunvericiliyi fakt yoxlama nəticələrinin "Google Axtarış" nəticələrində və "YouTube" videolarında göstərilməsini tələb edir.
Uolker hesab edir ki, korporasiyanın hazırkı məzmun moderasiyası sistemi effektiv işləyir. O, həmçinin qeyd edib ki, "YouTube"un bəzi istifadəçilərə videolara kontekstli qeydlər əlavə etməyə imkan verən yeni funksiyası böyük potensiala malikdir.
2022-ci ildə qəbul edilmiş Dezinformasiya ilə Mübarizə üzrə Aİ Təcrübə Kodeksi texnoloji şirkətlər üçün bir sıra könüllü öhdəlikləri, o cümlədən faktların yoxlanılması agentliklərinin yaradılmasını ehtiva edir.
Uolker bildirib ki, "Google Synth ID" su nişanları və süni intellekt vasitəsilə istifadəçilərə axtarış nəticələri haqqında daha çox məlumat verməyə yönəlmiş mövcud məzmun moderasiya üsulları üzərində qurulmağa davam edəcək.
Samir