Trampın dövründə kriptovalyuta bazarından gözləntilər nələrdir?

TEXNO
14:32 / 30.01.2025
91

"Ötən ilin sonunda Donald Trampın yenidən ABŞ-də hakimiyyətə gələcəyi ehtimalı güclənəndən və faktiki olaraq seçiləndən sonra kriptovalyuta bazarının kapitallaşması 2 dəfədən çox artdı". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu bazara yatırılan investisiyalar 2 dəfədən çox artıb:

"Konkret olaraq, bazarın həcmi 3,5 trilyon dollara çatıb. Bunun da səbəbi Donald Trampın maliyyə komandasının ya kriptovalyuta investorları, ya da bu bazar haqqında müsbət fikirləşən insanlardan ibarət olmasıdır. Trampın özü də bəyanatlarında kriptovalyuta bazarını qeyri-ciddi qəbul etməkdənsə, ABŞ-ni bu bazarda liderə çevirmək lazım olduğunu deyir". 

366894

Ekspert diqqətə çatdırıb ki, Tramp həm də ABŞ-nin ehtiyatlarının bir hissəsini kriptovalyutaya qoya biləcəyini söyləyir:

"Bu isə requlyatorların artıq kriptovalyuta bazarını boğmayacağı, əksinə, tənzimləyəcəkləri fikrini formalaşdırdı. Nəzərə almaq lazımdır ki, kriptovalyutanın ən böyük riski mərkəzi bankların və maliyyə nazirliklərinin qəbul etməməsi idi. Ümumiyyətlə, ABŞ-nin indiki hakimiyyətin bu cür mövqeyi əminlik və rahatlıq yaratdı. ABŞ-nin özünün kriptovalyuta alması tələbin artmasına dair gözləntiləri yüksəltdi".

Xalid Kərimli qeyd edib ki, bu məsələlər kriptovalyuta bazarında kapitallaşmanı əhəmiyyətli dərəcədə artırdı:

"Yəni bazara optimal gözlənti gətirdi. Üstəlik, kriptovalyuta alanların əhəmiyyətli hissəsi də fərdlərdir. Onlar isə kütləvi davranışa meyillidirlər. Ona görə də kəskin bahalaşma getdi. Bütün bunların fonunda isə qarşıdakı zamanlarda kriptovalyuta bazarının daha çox böyüyəcəyi gözlənilir". 

Pərviz

0