ABŞ-ın texnologiya nəhəngi "Meta" insan düşüncələrini təhlil edə bilən və cümlələri yüksək dəqiqliklə yenidən qura bilən süni intellekt modeli hazırlayıb. Yeni texnologiya kəllə-beyin travması və ya xəstəlik səbəbindən danışmaq qabiliyyətini itirən insanların yalnız düşüncələri vasitəsilə ünsiyyət qurmasını hədəfləyir.
HİT.az xəbər verir ki, "Meta"nın yanaşması manyetoensefaloqrafiya (MEG) və elektroensefaloqrafiya (EEG) texnologiyalarının birləşdirilməsinə əsaslanır.
EEG beyinin elektrik siqnallarını qeydə almaq üçün baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə işləyir. MEG isə sinapsların yaratdığı zəif maqnit sahələrini ölçən xüsusi bir dəbilqədən istifadə edir.
Hər iki texnologiyanın birlikdə tətbiqi, beynin fəaliyyətinin daha dəqiq analiz olunmasına imkan yaradır. "Meta"ya görə, bu metod yalnız EEG-dən istifadə edildiyi hallarla müqayisədə ən azı iki dəfə daha effektivdir.
Süni intellekt modeli beyindəki fəaliyyətləri milisaniyə səviyyəsində izləyərək MEG qeydlərini təhlil edir. Nəticədə, beyinin abstrakt düşüncələri sözlərə, hecalara və hətta barmaq hərəkətlərinə necə çevirdiyi ortaya çıxır.
Bu texnologiyanın əsas məqsədi, danışma qabiliyyətini itirmiş insanların yalnız düşüncələri vasitəsilə ünsiyyət qura bilməsini təmin etməkdir. Lakin indiyə qədər aparılan sınaqlar yalnız sağlam insanlarla həyata keçirilib. Süni intellektin beyin zədəsi olan şəxslərdə necə işləyəcəyi hələlik məlum deyil.
Şirkət bu sahədəki tədqiqatları sürətləndirmək üçün müxtəlif tərəfdaşlıqlara investisiya yatırır. "Meta" tədqiqatları dəstəkləmək məqsədilə Rothschild Fondu Xəstəxanasına 2,2 milyon dollar məbləğində ianə ayıracağını açıqlayıb. Bundan əlavə, Avropada NeuroSpin, Inria və CNRS kimi elmi institutlarla əməkdaşlıq edir.
Samir