Yeni inkişaf etdirilmiş bu inanılmaz ağıllı parça soyuq havalarda qat-qat geyinmə dövrünü sona çatdırmağa namizəddir: özünü 54 dərəcəyə qədər qızdıra bilir.
HİT.az xəbər verir ki, yeni bir parça texnologiyası qış aylarında çoxsaylı və qalın geyimlər geyinmək əvəzinə, yalnız günəş işığından istifadə edərək özünü qızdıra bilən geyimlərin gələcəkdə geniş yayılacağını göstərir.
Bu unikal parça tərkibinə görə bu xüsusiyyətə malikdir. Tədqiqatçılar suya davamlı idman geyimlərində geniş istifadə olunan termoplastik poliuretandan (PTU) hazırlanmış liflərin içərisinə xüsusi nanopartikullar yerləşdiriblər. Polianilin (PANI) və polidopamindən (PDA) ibarət olan bu nanopartikullar geniş dalğa uzunluğu diapazonunda günəş işığını uda bilir.
Ağıllı parça istiliyi fototermal çevrilmə texnologiyası vasitəsilə toplanan işığı istiliyə çevirərək cəmi 10 dəqiqə ərzində temperaturunu 30°C-dən çox artırır. Lakin tədqiqatçılar bununla kifayətlənməyərək texnologiyanı daha da inkişaf etdiriblər.
Bundan əlavə, bu parça temperatur artdıqca rəngini dəyişdirən və istilik dəyişikliyini vizual olaraq göstərən istiliyə həssas boyalar ehtiva edir. Sınaqlar zamanı bu materialdan hazırlanmış kiçik bir sviter günəş işığı altında cəmi 10 dəqiqə ərzində 53,5°C temperaturuna çatıb. Parçanın canlı qırmızı rəngi isindikcə ağ rəngə çevrilərək istilik dəyişikliyini əks etdirib.
Batareya blokları və ya metal istilik elementlərinə əsaslanan ənənəvi isidici geyimlərdən fərqli olaraq, bu ağıllı parça tamamilə öz-özünə işləyən, yüngül və inanılmaz dərəcədə davamlı bir quruluşa malikdir. Tədqiqatçılar parçanın elastikliyini qoruduğunu, orijinal ölçüsündən beş qat genişləyə bildiyini və 25 yuyulmadan sonra belə həm istilik ötürmə, həm də rəng dəyişdirmə xüsusiyyətlərini saxladığını bildirirlər.
Bu parça açıq hava avadanlıqlarında, xilasetmə ləvazimatlarında, hərbi geyimlərdə və hətta soyuq iqlimlər üçün nəzərdə tutulmuş ev heyvanı paltarlarında inqilab yarada bilər. Günəşdən başqa heç bir enerji mənbəyinə ehtiyac duymadığı üçün xüsusilə ucqar bölgələrdə istifadəsi çox faydalı ola bilər.
Tədqiqatçılar hazırda istehsal xərclərini azaltmağa və ağıllı istilik parçasının istehsalını asanlaşdırmağa yönəliblər.
Samir