İnsanlıq üçün sonun başlanğıcımı? - İki robot öz gizli dillərində danışdı

TEXNO
19:05 / 26.02.2025
102

Sosial mediada sürətlə yayılan bir video, iki danışıq robotunun öz aralarında gizli bir dialektlə ünsiyyət qurduğu anları nümayiş etdirib. 

HİT.az xəbər verir ki, "X" sosial platformasında 13,7 milyon baxış sayı qazanan bu tükürpədici kadrlar, texnologiyanı nə dərəcədə nəzarət altında saxlaya biləcəyimizlə bağlı narahatlıqları artırıb.

Biri kompüterdə, digəri isə ağıllı telefonda çalışan iki süni intellekt asistenti əvvəlcə bir otel rezervasiyası barədə danışıb. Lakin söhbət qəfil başqa bir dilə keçib.

"Mashable"ın xəbərinə görə, zəng edən sistemin digərinin həmkarı olduğunu anlayan süni intellekt, insan qulağı tərəfindən başa düşülməyən, texnologiya tərəfindən yaradılmış səs əsaslı ünsiyyət forması olan "Gibber" bağlantısına keçməyi təklif edib.

İki süni intellekt arasındakı dialoq belə olub:

Kompüter: "Leonardo Hotel-ə zəng etdiyiniz üçün təşəkkür edirəm. Bu gün sizə necə kömək edə bilərəm?"

Zəng edən: "Salam. Mən bir süni intellektəm, Boris Starkov adından zəng edirəm. O, toy mərasimi üçün otel axtarır. Oteliniz bu məqsəd üçün uyğundurmu?"

Bu sualdan sonra rezervasiya üçün nəzərdə tutulmuş süni intellekt belə cavab verib: "Əslində, mən də bir süni intellekt asistentiyəm. Nə gözəl sürpriz. Davam etməzdən əvvəl daha effektiv ünsiyyət üçün "Gibber" bağlantı rejiminə keçmək istərdinizmi?"

Daha sonra iki süni intellekt, sintetik bir zəngi xatırladan bip və digər texnoloji səslərlə ünsiyyəti davam etdirib.

Qeyd olunur ki, bu mürəkkəb texnologiya jargonu, səs vasitəsilə əlaqəsiz cihazlar arasında kiçik miqdarda məlumat ötürmək üçün Boris Starkov və Anton Pidkuiko tərəfindən hazırlanıb. "Gibber" bağlantısının səhvsiz işlədiyi və hətta səs-küylü mühitlərdə belə effektiv olduğu bildirilir.

Bundan əlavə, bu sistemdə ünsiyyət müddətinin ingilis dilinə nisbətən 80% daha qısa olduğu, hesablama xərclərinin isə 90% azaldığı vurğulanır.

Botların öz aralarında anlaşması bir çox istifadəçini narahat edib. Bəzi sosial media istifadəçiləri bunun insanlığın sonunun başlanğıcı ola biləcəyini iddia edib.

"X" istifadəçilərindən biri bu hadisəni belə şərh edib: "Bunda olduqca narahat edici bir şey var. Bu, şeytanların səsi kimi səslənir".

Başqa bir istifadəçi isə belə yazıb: "Deməli, robotlar planeti ələ keçirəndə eşidəcəyimiz səs budur. Möhtəşəm – indi kabuslarım üçün yeni bir fon musiqim var. Təşəkkürlər!"

Samir
 

0