"Google" ya alqoritmini düzəltməlidir, ya da 27 milyon dollar ödəməlidir

TEXNO
21:00 / 26.02.2025
97

Cənubi Afrika Rəqabət Komissiyası "Google"un yerli mediaya ziyan vurduğunu müəyyən edərək, texnologiya nəhənginin 3-5 il ərzində yerli xəbər təşkilatlarına 16-27 milyon dollar ödəməli olduğunu bildirib. Digər texnologiya şirkətlərinə isə gəlirlərinin 5-10%-i qədər vergi tətbiq edilə biləcəyi xəbərdarlığı edilib.

HİT.az xəbər verir ki, Cənubi Afrika Rəqabət Komissiyası "Google"un rəqabət qaydalarına zidd davranışlarını araşdıraraq, yerli media qurumlarına vurduğu zərərlə bağlı cəza verib. Komissiyanın 16 ay ərzində hazırladığı "Media və Rəqəmsal Platformalar Bazarı Araşdırması" (MDPMI) hesabatında, "Google"a illik 300-500 milyon rand (təxminən 16-27 milyon dollar) ödəniş etməsi tövsiyə olunub. Bu ödənişin 3-5 il davam etməsi tələb edilib.

Komissiya bildirib ki, "Google"un axtarış alqoritmi qlobal media qurumlarını üstün tutaraq yerli xəbər agentliklərini kifayət qədər əks etdirmir. Bu vəziyyət son 14 ildə Cənubi Afrika mediasının zəifləməsinə ciddi təsir göstərib.

Hesabata görə, "Google" bu alqoritm dəyişikliyi ilə Cənubi Afrikada xəbər məzmunundan 800-900 milyon rand (təxminən 43-49 milyon dollar) gəlir əldə edib. Lakin yerli media qurumları bu səbəbdən 8-11 milyon dollar gəlir itkisinə məruz qalıb. Komissiya üzvü "Paula Frey" bildirib ki, bu ədalətsiz bölgü illik 300-500 milyon rand civarında dəyişir.

Komissiya, yerli medianın məzmunlarının daha çox görünməsini təmin edərək, onların gəlirlərini artırmağı hədəflədiyini vurğulayıb. Bununla belə, hesabat hələ yekun deyil. Tərəflərin son hesabatın dərcindən əvvəl – təxminən 4-5 ay ərzində – fikirlərini bildirməsi üçün 6 həftə vaxtı var.

Komissiya yalnız "Google" deyil, "X", "YouTube", "TikTok" və "Meta" kimi digər texnologiya şirkətlərinə də xəbər məzmunlarını geri planda saxlamağa son qoymaq göstərişi verib. MDPMI rəhbəri Ceyms Hoc əks halda bu şirkətlərin qazancının 5-10%-i həcmində vergi tətbiq ediləcəyini bildirib. Həmçinin "Google"un axtarış alqoritmlərinin Cənubi Afrika mediasını dəstəkləyəcək şəkildə tənzimlənməli olduğu vurğulanıb.

Samir


 

0