"Mozilla", "Firefox" brauzerinin açıq mənbəli MPL lisenziyasına əlavə olaraq yeni Xidmət Şərtlərindən istifadə edəcəyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə şirkətin bloqunda deyilir.
Mart ayından etibarən yeni istifadəçilərdən istifadə şərtlərini təsdiqləmələri istəniləcək və gələcəkdə onlar mövcud istifadəçilər üçün də əlçatan olacaq. Xidmət Şərtləri sizinlə "Mozilla" arasında bağlanmış müqavilədir və ona əsasən "Mozilla" sizə "Firefox"u quraşdırmaq və istifadə etmək üçün lisenziya verir. Bu hüququn müqabilində istifadəçi "Mozilla"ya lazımi hüquqlar, o cümlədən məxfilik bildirişinə uyğun olaraq məlumatları emal etmək hüququ və internetə baxışı asanlaşdırmaq üçün istifadəçinin adından hərəkət etmək hüququ verməyə razılaşır.
Bundan əlavə, "Mozilla" topladığı bütün məlumatları və necə istifadə edildiyini təfərrüatlandırmaq üçün məxfilik bildirişinə yenidən baxıb. Qeyd olunur ki, brauzerdə məlumatların ötürülməsindən imtina etməyə imkan verən parametrlər var.
Sənəddə göstərilir ki, "Firefox" brauzerin təşviqi ilə bağlı reklam kampaniyalarının effektivliyini qiymətləndirmək və təkmilləşdirmək üçün marketinq tərəfdaşları ilə məlumat paylaşa bilər. Əvvəllər məlumatların "Adjust" və "Google" kimi tərəfdaşlara ötürülməsi məlumatın anonimləşdirilməsi qeydi ilə ümumi şəkildə müəyyən edilirdi. İndi bildirilir ki, reklamları göstərmək, istifadəni təhlil etmək və axtarışı təkmilləşdirmək üçün unikal identifikatorlar, brauzerin qarşılıqlı əlaqə məlumatları, yer, parametrlər və texniki məlumatlar emal oluna bilər.
Həmçinin qeyd olunur ki, qanunvericiliyə riayət etmək, zərərli fəaliyyətin və qanunsuz fəaliyyətin müəyyən edilməsi və qarşısının alınması məqsədilə bütün növ məlumatların emalına icazə verilir.
Samir