Alimlər özünü bərpa edə bilən robotik süni dəri hazırlamağı bacarıb. Bu kəşf insana bənzəyən robotların istehsalına bir addım daha yaxınlaşmağımıza imkan yarada bilər.
HİT.az xəbər verir ki, insan dərisi təkrarlanması çətin olan unikal xüsusiyyətlərə malikdir. Öz-özünü sağalda bilən, böyüyən və zədələndikdə orijinal formasına qayıtmağa çalışan bu orqan, indiyədək tam şəkildə təqlid edilə bilmirdi.
Mövcud texnologiyalarla bəzi robotlar silikondan hazırlanmış üz örtükləri ilə insanabənzər görkəm alsa da, onların süni olduğu asanlıqla fərq edilir.
Bütün bu çətinliklərə baxmayaraq, Aalto Universiteti və Bayreyt Universitetindən olan alimlər, insan dərisinə çox oxşayan və eyni funksiyaları yerinə yetirə bilən süni dəri istehsal etməyə nail olub. Onlar öz-özünü sağalda bilən, elastik və davamlı hidrojelin inkişafı ilə material elminin mühüm mərhələsini keçdiklərini bildiriblər. Yeni material sayəsində yaraları sağalda bilən yumşaq robotik struktura malik süni dərinin hazırlanması mümkün olacaq.
Araşdırmaçılar bu xüsusiyyətləri sərt hidrojelə qazandırmaq üçün ultra nazik gil nanoqatlardan istifadə ediblər. Bu qatlar hidrojelləri möhkəmləndirərək onların həddindən artıq yumşaq olmasının qarşısını alır və eyni zamanda öz-özünü bərpaetmə qabiliyyətini artırır.
Aalto Universitetindən Margot Lepetitin sözlərinə görə, hidrojel kəsildikdən sonra ilk dörd saat ərzində 80-90 faiz bərpa olunur və 24 saat ərzində tamamilə əvvəlki vəziyyətinə qayıdır. Təxminən bir millimetr qalınlığında olan nümunə 10 min nanoqatlı strukturdan ibarətdir ki, bu da ona insan dərisinə bənzər sərtlik və elastiklik qazandırır.
Bu yenilik yaxın gələcəkdə insanabənzər robotların daha real görünüş qazanmasına töhfə verə bilər. Belə ki, evdə istifadə edilən robot təsadüfən "barmağını" kəssə, onu dəyişdirmək üçün texniki servisdə baha qiymətə ehtiyat hissə almağa ehtiyac qalmayacaq - sadəcə bir gün gözləməklə robotun barmağı öz-özünə bərpa olunacaq.
Bundan əlavə, bu materialın gələcəkdə kosmik gəmilərin və ya avtomobillərin örtüklərində də istifadə ediləcəyi ehtimal olunur. Beləliklə, nəqliyyat vasitələrinin səthində yaranan zədələr müəyyən müddət sonra öz-özünə düzələ biləcək.
Samir