Dünyanın ən böyük incəsənət qalereyalarından biri süni intellekt tərəfindən yaradılmış rəsmlər üçün xüsusi hərrac təşkil edib və bu satışlardan böyük gəlir əldə edib. Lakin bundan sonra baş verənlər sənət dünyasında ciddi müzakirələrə səbəb olub.
"Süni intellektin yaradıcılığı" anlayışı sizə tanışdırmı? Əgər yoxdursa, incəsənətlə məşğul olan rəssamlar, rejissorlar, musiqiçilər, yazıçılar və digər sənət adamları üçün bu anlayışın narahatlıq yaratdığını demək olar.
HİT.az xəbər verir ki, süni intellektin sənət əsərləri yaratması artıq sürpriz deyil və bütün dünya bu texnologiyadan istifadə etməyə başlayıb. Elə bu yaxınlarda İngiltərədə bir rejissor tamamilə süni intellekt tərəfindən yazılmış ssenari əsasında, süni intellektin yaratdığı video parçalarından ibarət bir film hazırlayıb və onu kinoteatrlarda nümayiş etdirmək istəyib. Lakin ictimaiyyətin güclü etirazları nəticəsində kinoteatr rəhbərliyi filmi göstərməkdən imtina edib.
İndi isə dünya üzrə məşhur qalereya və hərrac evlərindən biri süni intellekt tərəfindən yaradılmış rəsmləri açıq artırmaya çıxarıb və bu satışlardan 700 min dollar gəlir əldə edib. Məhz bu məqam sənətsevərlərin sərt reaksiyasına səbəb olub.
Açıq hərraca qarşı çıxan 5.600 sənətçi etiraz bəyanatı yayıb və bu satışları pisləyib. Onlar bildiriblər ki, satışa çıxarılan əsərlərin əksəriyyəti müəllif hüquqları ilə qorunan rəsmlər üzərində icazəsiz təlim keçmiş süni intellekt modelləri tərəfindən yaradılıb. Etirazçılar açıqlamalarında qeyd ediblər:
"Bu modellər və onları idarə edən şirkətlər insan rəssamların əməklərini istismar edir, onların icazəsi və ya ödəniş olmadan əsərlərindən istifadə edərək, sənətkarlarla rəqabət aparan kommersiya məhsulları yaradır. Siz isə bu cür modelləri dəstəkləməklə süni intellekt şirkətlərinin insan sənətçilərin işlərini kütləvi şəkildə oğurlamasını təşviq edirsiniz".
"Artırılmış Zəka" adlanan hərrac ötən həftənin çərşənbə günü başa çatıb. Qalereyanın məlumatına görə, 30-dan çox əsərə yüzlərlə təklif gəlib və nəticədə 728.784 dollar dəyərində satış həyata keçirilib. Müzayədə evi bildirib ki, qeydiyyatdan keçənlərin 37%-i tamamilə yeni müştərilər, təklif verənlərin 48%-i isə minillik və Z nəsli nümayəndələridir.
Bu isə o deməkdir ki, yeni nəsil üçün sənət anlayışı artıq süni intellektin yaratdığı əsərləri də əhatə edir və onlar bu cür rəsmlərə minlərlə dollar xərcləməkdən çəkinmirlər.
Bu arada, kiçik bir xatırlatma: hərracda satılan "əsərlərin" görüntülərini istənilən süni intellekt platformasına yükləyib "buna bənzər bir şəkil yarat" desəniz, bir neçə fərqlə çəkilmiş "orijinal" bir süni intellekt rəsminə tamamilə pulsuz sahib ola bilərsiniz – və heç kim sizi "mənim əsərimi oğurladınız" deyə ittiham edə bilməz.
Samir