"Google" bəzi işçilərinə heç nə etməmək üçün pul ödəyir

TEXNO
21:19 / 09.04.2025
271

Süni intellekt sahəsində gərgin rəqabət şəraitində "Google" bacarıqlı mütəxəssisləri saxlamaq üçün qeyri-adi üsula əl atıb. 

HİT.az "Business Insider"ə (BI) istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən "DeepMind" "şöbəsi işçilərinə heç bir iş görmədən maaş verir - bununla da onların rəqib şirkətlərə keçməsinin qarşısını alır.

"Google" süni intellekt sahəsində əsas mütəxəssislərin rəqiblərə qoşulmasının qarşısını almaq üçün "rəqabət qadağası" sazişlərindən istifadə edir. Bu sazişlər "DeepMind"in Böyük Britaniyadakı işçilərinə bir ilə qədər rəqabət edən AI şirkətlərində işləməyi qadağan edir.

Nəticədə, "DeepMind"in bəzi işçiləri "Google"dan maaş alır, lakin sazişin müddəti ərzində şirkətdə heç bir iş görmürlər. Məhdudiyyətlərin müddəti işçinin vəzifəsindən və tədqiqat laboratoriyasındakı işinin əhəmiyyətindən asılıdır.

Məsələn, "Gemini AI" layihəsində çalışan adi proqramçılar adətən altı aylıq "rəqabət qadağası" sazişi ilə bağlıdır. Daha yüksək vəzifəli tədqiqatçılar üçün bu müddət bir ilə qədər uzanır.

"DeepMind"dəki sərt "rəqabət qadağası" sazişləri, texnologiya şirkətləri arasında süni intellekt sahəsində liderlik uğrunda gedən gərgin yarışla əlaqədardır. Süni intellekt sahəsində "silahlanma yarışı" şəraitində bu cür tədbirlər şirkətlərə qiymətli kadrları saxlayaraq rəqabət üstünlüyünü qorumağa imkan verir.

Qeyd edək ki, ABŞ-də Federal Ticarət Komissiyası (FTC) əksər şirkətlərə "rəqabət qadağası" sazişlərindən istifadəni qadağan edib. Lakin bu qadağa "DeepMind"in London qərargahına şamil edilmir.

Samir

0