Texnologiya nəhəngi və "Microsoft"un həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) yaxın gələcəkdə bir çox peşə sahələrində çalışan insanları əvəz edə bilər. Onun fikrincə, ilk növbədə bu həkimlər, müəllimlər və əl əməyinə əsaslanan peşələrdə özünü göstərəcək.
HİT.az "Business Insider"ə istinadən xəbər verir ki, milyarder bu barədə "People by WTF" podkastında danışıb.
O bildirib ki, süni intellekt tibbi bilikləri təmin etməklə dünyadakı həkim çatışmazlığının qarşısını ala bilər.
Birləşmiş Ştatların Tibb Kollecləri Assosiasiyasının məlumatına görə, 2036-cı ilə qədər ABŞ-da 86 min həkim çatışmazlığı ola bilər. Problem təkcə ABŞ-la məhdudlaşmır – Hindistan, Afrika ölkələri və digər regionlarda da oxşar vəziyyət yaşanır.
"Süni intellekt gələcək, tibbi IQ təmin edəcək və bu çatışmazlığa ehtiyac qalmayacaq", deyə Qeyts bildirib.
Al əsaslı tibbi texnologiyalar üzərində çalışan "Suki", "Zephyr AI" və "Tennr" kimi startaplar artıq diaqnostika, müalicə üsullarının seçilməsi və sənəd işlərinin avtomatlaşdırılması sahəsində xidmətlərini təklif edirlər. “McKinsey”in hesablamalarına görə, bu texnologiyalar 370 milyard dollarlıq məhsuldarlıq artımı potensialına malikdir.
Qeytsin diqqət çəkdiyi digər sahə isə təhsildir. 2023-2024 tədris ilində ABŞ-dakı dövlət məktəblərinin 86%-i müəllim tapmaqda çətinlik çəkib, 45%-i isə kadr çatışmazlığı yaşadığını bildirib.
Böyük Britaniyada yerləşən "David Game College" məktəbi süni intellektin təhsildə istifadəsini test edib. 20 şagird ChatGPT-nin köməyi ilə ingilis dili, riyaziyyat, biologiya və informatika dərslərində iştirak edib. Müəllimlər bu təcrübənin vaxt qənaəti və təhsilin keyfiyyətini artırma baxımından faydalı olduğunu qeyd ediblər.
Qeytsin fikrincə, süni intellekt yalnız beyin işini deyil, əl əməyinə əsaslanan sahələri də əvəz edə bilər:
"Belə işləri yerinə yetirə biləcək əllər çox keyfiyyətli olmalıdır. Biz buna nail olacağıq".
Bu çərçivədə, "Nvidia" artıq insanabənzər robotlara investisiya qoyur. Məqsəd: istehsalatda, tikintidə və mehmanxana sektorunda insan işçiləri əvəzləyəcək robotlar yaratmaqdır.
Qeyts bildirir ki, süni intellekt gələcəkdə əmək bazarında əsaslı dəyişikliklərə səbəb olacaq. Yeni dövrdə insanlar ya təqaüdə daha tez çıxacaq, ya da qısaldılmış iş həftəsi ilə işləyəcək: "Bu, artıq fəlsəfi sual yaradır: ‘Yaxşı, bəs sonra nə edəcəyik?".
O əlavə edib ki, belə bir dünyaya uyğunlaşmaq psixoloji və mədəni dəyişiklikləri tələb edəcək. Qeyts özünü nümunə göstərərək deyib: "Mən artıq işləməyə ehtiyac duymuram. Amma işləyirəm, çünki bu mənim üçün əyləncəlidir".
Samir