"Apple" "iPhone SE" seriyasını dayandıraraq "iPhone 16e" modeli ilə yeni bir dövrün əsasını qoydu və bu uğurdan sonra diqqətlər "iPhone 17e"yə yönəldi. Lakin yeni modelin təqdim olunub-olunmayacağı barədə hələlik qəti qərar verilməyib.
HİT.az xəbər verir ki, bu ilin əvvəlində "Apple", təxminən on il mövcud olmuş "iPhone SE" seriyasını təqaüdə göndərdi və yeni "e" seriyasını – daha münasib qiymətli "iPhone 16e" modelini bazara çıxardı. "iPhone 16e", satışlarda böyük uğur qazandı və 2025-ci ilin ilk rübündə "Apple"ın qlobal smartfon bazarında liderliyə yüksəlməsində əsas rol oynayıb.
Lakin görünür, şirkət bu uğurun davamı üçün atacağı növbəti addımlar barədə qərarsızdır. "Bloomberg"in analitiki Mark Qurman "Power On" adlı bülletenində yazır ki, "Apple" hələ "iPhone 17e" modelinin satışa çıxarılıb-çıxarılmayacağına dair yekun qərar verməyib. Qurman bildirir ki, "Samsung" və "Google" kimi rəqiblər hər il bir neçə model təqdim edərək münasib qiymətli seqmenti canlı saxlayırlar. Buna görə də "Apple"ın da eyni segmetdə illik yenilənmə dövrünə keçməsi “məntiqli strategiya” ola bilər.
Əvvəlki strategiyalara əsasən, "Apple" iPhone SE modellərini hər 2-3 ildən bir yeniləyirdi. Lakin bu yanaşma, şirkətin münasib qiymətli telefon bazarında daha geniş auditoriyaya çıxışını çətinləşdirirdi. "SE" modelləri çox zaman köhnə texnologiyalarla satışa çıxarılır və rəqiblərlə müqayisədə yenilik baxımından geri qalırdı. "Apple"ın yeni "e" seriyası ilə bu uzunmüddətli dövrü saxlayıb-saxlamayacağı hələ də sual altındadır.
Qərb mənbələri "Apple"ın "iPhone 17e" barədə qərarsız olduğunu bildirsə də, Çin mənşəli mənbələr fərqli məlumatlar təqdim edir. Xüsusilə "Weibo" platformasında yayımlanan məlumatlara görə, "Fixed Focus Digital" adlı sızıntı hesabı "Apple"ın "iPhone 17e" ilə bağlı inkişaf prosesində mühüm mərhələyə çatdığını iddia edir. Bildirilir ki, cihaz artıq sınaq istehsalı mərhələsinə yaxınlaşır. Bu sızıntıya əsasən, "iPhone 17e" 2024-cü il ərzində istehsal prosesinə daxil olacaq və 2026-cı ilin may ayında satışa çıxarılacaq. Bu təqvim "iPhone 16" və "iPhone 16e" modellərinin təqdimat ardıcıllığı ilə uyğunluq təşkil edir.
Gözləntilərə görə "iPhone 17e" radikal dəyişikliklər gətirməyəcək. Lakin modelin daha sürətli prosessor, daha parlaq ekran və təkmilləşdirilmiş kamera idarəetməsi kimi kiçik, lakin önəmli yeniliklərlə gələcəyi ehtimal olunur. "Apple" bu model vasitəsilə münasib qiymətli seqmentdəki rəqabət gücünü qorumağı hədəfləyir.
Nəticə etibarilə, "iPhone 16e" modelinin qazandığı böyük maraq, "Apple"ın münasib qiymətli "iPhone" strategiyasının uğurlu olduğunu göstərib. İndi diqqətlər bu uğurun davamlı olub-olmayacağına və "iPhone 17e" modelinin doğrudan da istehsala buraxılıb-buraxılmayacağına yönəlib.
Samir