Simsiz məlumat ötürməsində sərhədləri aşan uğur: 4,6 kilometrdə 5,7 Tb/s sürət!

TEXNO
18:38 / 07.05.2025
82

Niderlandın Eindhoven Texnologiya Universitetinin (TU/e) tədqiqatçıları şəhər mərkəzində kablosuz məlumat ötürülməsində misilsiz uğura imza atıblar. 

HİT.az xəbər verir ki, TU/e kampusu ilə Yüksək Texnologiya Kampusu arasında yerləşən 4,6 kilometrlik məsafədə saniyədə 5,7 terabit (Tb/s) sürətində məlumat ötürülüb. Bu sürət, eyni anda təxminən 1,9 milyon nəfərin HD keyfiyyətində Netflix serialı izləyə bilməsinə bərabərdir.

Bu rekord sürət, şəhər mühitində bu qədər uzun məsafədə belə yüksək kablosuz əlaqənin mümkün olduğunu sübut etməklə, simsiz rabitə sahəsində dünya miqyasında bir ilk olaraq tarixə düşüb.

Bu nailiyyət, TU/e ilə əməkdaşlıqda fəaliyyət göstərən TNO-nun törəmə şirkəti Aircision tərəfindən hazırlanan optik antenlər sayəsində mümkün olub. İstifadə olunan sistem, məlumatı ənənəvi fiber optik və ya radio dalğaları ilə deyil, gözlə görünməyən infraqırmızı işıq vasitəsilə ötürür. Bu texnologiya “azad məkan optikası” (Free-Space Optics – FSO) adlanır və elektromaqnit müdaxilələrə qarşı davamlı olmaqla yanaşı, ultra yüksək ötürmə qabiliyyəti ilə də seçilir.

İnfraqırmızı əsaslı kablosuz əlaqə, fiber optik şəbəkələrin yüksək ötürmə qabiliyyəti ilə simsiz sistemlərin çevikliyini birləşdirərək gələcəyin kommunikasiya infrastrukturu üçün vacib bir həll təqdim edir.

Bu yüksək texnoloji əlaqə, xüsusi olaraq inşa edilmiş və sabit test infrastrukturuna çevrilmiş "Reid Photonloop" platformasında sınaqdan keçirilib. Bu platforma, layihənin baş tutmasında böyük rolu olan, lakin tamamlandığını görmədən dünyasını dəyişən Con Reidin xatirəsinə adlandırılıb. “Reid Photonloop” bir neçə işıq dalğa uzunluğunu birləşdirə bilən qabaqcıl optik texnologiyalardan istifadə etməklə məlumat ötürülməsini maksimum səviyyədə optimallaşdırır.

Van Vlietin sözlərinə görə, istifadə edilən infraqırmızı işıq şüası son dərəcə fokuslanmış şəkildə ötürülür. Bu isə o deməkdir ki, nəzəri olaraq, eyni məkan daxilində saysız-hesabsız müstəqil rabitə kanalı bir-birinə müdaxilə etmədən fəaliyyət göstərə bilər. Bu xüsusiyyət kablosuz şəbəkə tutumunda bənzərsiz bir artım potensialı vəd edir.

"Reid Photonloop" qurğusu, TU/e-nin Flux binası ilə Yüksək Texnologiya Kampusundakı 37 nömrəli bina arasında yerləşir. TU/e Yüksək Tutumlu Optik Rabitə Laboratoriyasının rəhbəri dosent Çiqo Okonkvo qeyd edir:
"Bu platforma bizə yüksək sürətli simsiz əlaqə texnologiyalarını istənilən hava şəraitində maksimum etibarlılıqla sınaqdan keçirmək imkanı verir".

Layihənin əsas tərəfdaşlarından biri olan Aircision şirkəti, bu FSO texnologiyasının, xüsusən də fiber optik infrastrukturu qurmağın çətin və ya baha olduğu şəhər və kənd yerlərində 5G və gələcəkdə 6G baza stansiyalarını bir-birinə bağlamaq üçün ideal bir həll ola biləcəyini vurğulayır.

Şirkətin təsisçilərindən Luis Oliveyra bu uğuru belə şərh edib:

"Bu rekord göstərici, texnologiyamızın milyonlarla insana fiber sürətində interneti simsiz şəkildə və daha sürətli çatdırmağa hazır olduğunu nümayiş etdirir".

Bu diqqətçəkici tədqiqat nəticələri, 2025-ci ildə San Fransiskoda keçirilən Optik Fiber Rabitə (OFC) Konfransında elmi ictimaiyyətə təqdim olunub.

Samir

0