Görünən odur ki, “Apple” belə artıq "iPhone"un dövrünün sonuna yaxınlaşdığını qəbul edir. Şirkətdən gələn son açıqlamalar və rəhbər şəxslərin fikirləri, qarşıdakı on ildə bu cihazların süni intellekt texnologiyası qarşısında əsas mövqeyini itirəcəyini göstərir.
HİT.az xəbər verir ki, "Apple"ın xidmətlər üzrə rəhbəri Eddi Kyu ABŞ Ədliyyə Nazirliyinin “Google”la bağlı açdığı antiinhisar işində verdiyi ifadəsində, gələcəkdə "iPhone"lara ehtiyac qalmaya biləcəyini söyləyib. Kyu sözlərini belə ifadə edib: "Bu bir qədər dəli səslənə bilər, amma 10 il sonra "iPhone-a ehtiyacınız olmayacaq". O, bu fikri süni intellektin gündəlik həyatdakı rolunun getdikcə artacağı ilə əsaslandırıb.
"Apple"ın baş direktoru Tim Kuk da bu sahədə fərqli düşünmür. Məlumatlara görə, o, şirkət daxilində ən çox diqqət ayırdığı layihə olaraq “ağıllı eynəklər”i prioritet sayır. Yəni Apple artıq istifadəçilərin gün ərzində taxıb çıxara biləcəyi yüngül, ağıllı bir eynək konsepti üzərində işləyir.
Hazırda isə "Apple" bu istiqamətdə yalnız “Vision Pro” kimi ağır və baha başa gələn bir cihaz təqdim edib. Mediada verilən məlumata görə, Kuk son on ildə dəyişməyən bir “böyük vizyona” sahibdir və bu vizyon "iPhone"un bir gün taxtından enəcəyini nəzərdə tutur.
Qeyd edək ki, "Apple"ın rüblük gəlirlərinin təxminən 50 faizi hələ də "iPhone "satışlarından əldə edilir. Lakin şirkət bu gəlirin uzunmüddətli olmayacağının fərqindədir və gələcəkdə daha interaktiv, süni intellekt əsaslı cihazlarla bu boşluğu doldurmağa çalışır.
Bəzi iddialara görə, "OpenAI" və "Apple"ın keçmiş dizayn rəhbəri Coni Ayv ağıllı telefon olmayan, süni intellektlə işləyən bir köməkçi cihaz üzərində işləyirlər. Belə bir ssenaridə gələcəkdə "iPhone"un yerini alan texnologiya, bəlkə də "Apple" tərəfindən deyil, "OpenAI" tərəfindən təqdim edilə bilər.
Samir