Məhkəmədəki rəqəmsal xəyal: Hüquqda "deepfake" dövrü başladı

TEXNO
11:00 / 13.05.2025
44

ABŞ-ın Arizona ştatında baş verən və hüquq tarixində bir ilk kimi qiymətləndirilən hadisədə, yol-nəqliyyat mübahisəsi zamanı ölən Kristofer Pelkinin adından məhkəmədə çıxış edən süni intellekt tərəfindən yaradılmış “deepfake” avatar ədalət sistemində etik və hüquqi mübahisələri gündəmə gətirib.

HİT.az xəbər verir ki, "NBC News"un məlumatına görə, bu texnologiyanın bu məqsədlə istifadəsi məlum olan ilk nümunələrdən biri kimi qeydə alınıb.

Pelkinin ailəsi, xüsusilə də bacısı, bu qeyri-adi ideyanın təşəbbüskarı olub. O, etki bəyanatını yazmağa çalışsa da, yazdıqlarının qardaşının xatirəsinə yetərincə sayğılı və dürüst xidmət etmədiyini hiss etdiyini bildirib. Bu çətinlik, süni intellekt texnologiyasının köməyə çağırılmasına yol açıb.

Pelkinin bacısı avatar üçün bir mətn yazıb və bu mətnin onun qardaşının düşüncələrini və xarakterini əks etdirdiyinə əmin olduğunu deyib. Marikopa əyaləti Ali Məhkəməsinin hakimi Todd Lanq bu yanaşmanı qəbul edib və avatarın məhkəmə zalında nümayiş olunmasına icazə verilib.

Məhkəmədə təqdim edilən video çıxışda, Pelkinin avatarı onu öldürən Qabriel Xorqasitasa bağışlama mesajı göndərib:

"Məni vuran adam Qabriel Xorqasitas: O gün o şəraitdə qarşılaşmağımız doğrudan da üzücü idi. Bəlkə başqa bir həyatda dost ola bilərdik. Mən bağışlamağa inanıram".

Hakim Lanq bu çıxışı inandırıcı sayıb və Pelkinin xarakterini düzgün əks etdirdiyini bildirib. Lakin buna baxmayaraq, Xorqasitas 10 il həbs cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin vəkili Ceyson Lamm bu təqdimatın apellyasiya mərhələsində ciddi müzakirələr doğura biləcəyini bildirib:

"Bəli, hakimlər zərərçəkən ifadələrini qiymətləndirməkdə geniş səlahiyyətə malikdir, lakin apellyasiya məhkəməsi bunun hüquqi baxımdan düzgün olub-olmadığını araşdırmalı olacaq"

Bundan əvvəl, eyni işdə prosesdəki prosessual pozuntular səbəbilə iş təkrar baxılmışdı. Bu səbəbdən də yeni texnologiyanın tətbiqi hüquqi presedent kimi dəyərləndirilə bilər.

Arizona Dövlət Universitetinin hüquq professoru Qari Marçant bu texnologiyanın yaratdığı etik risklərə diqqət çəkib: "Məhkəmə zalında danışan birini görürsünüz, amma əslində o adam artıq həyatda deyil. Bu bizi çox təhlükəli bir hüquqi sahəyə sürükləyə bilər".

Bu hadisə süni intellektin hüquq sistemində istifadəsinin həm etik, həm də hüquqi tərəfləri baxımından geniş müzakirələrə yol açır. Texnologiyanın gələcəkdə məhkəmə proseslərində necə yer alacağı hüquq dünyasının gündəmində əsas mövzulardan biri olmağa davam edəcək.

Samir

0